AHİK-dən sanatoriya yollayışları ilə bağlı ittihamlara SƏRT CAVAB

 19:13 14.07.2026     588

Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi və istirahət hüquqlarının təmin olunması sahəsində problemlərin yaşandığı iddia olunur. Bu barədə Qarabağ qazisi Məğrur Bədəlsoyun saytımız vasitəsilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinə ünvanladığı müraciətdə bildirilib.

Müraciətdə qeyd olunur ki, son iki ildə sanatoriya yollayışlarının elektron rezervasiya sistemi vasitəsilə əldə edilməsi faktiki olaraq mümkün deyil. İddialara görə, sistemdə ya yerlər yerləşdirilmir, ya da yalnız aylar sonrakı tarixlər üçün əlçatan olur.

Məğrur Bədəlsoy bildirib ki, qanunvericiliyə əsasən əlilliyi olan şəxslər ölkə daxilində ödənişsiz sanatoriya-kurort müalicəsi hüququna malik olsalar da, mövcud elektron sistem bu hüququn həyata keçirilməsini çətinləşdirir. Onun sözlərinə görə, qeydiyyat zamanı çoxsaylı sənədlərin tələb olunması, ağır əlilliyi olan şəxsləri müşayiət edən şəxslərdən qanuna zidd olaraq ödəniş istənilməsi və "Duzdağ" Fizioterapiya Mərkəzində yalnız 7 gecəlik paketlərin təqdim edilməsi əsas problemlərdəndir.

Müraciətdə Qarabağ qazisi Xaliq Abbaszadənin də sanatoriyaya göndərilməsi zamanı oxşar çətinliklərlə üzləşdiyi qeyd olunub.

Şikayətdə təklif edilir ki, əlilliyi olan şəxslər elektron rezervasiya sistemi əvəzinə işləyənlər üçün iş yerləri, işləməyənlər üçün isə DOST mərkəzləri vasitəsilə ödənişsiz yollayışlarla təmin edilsin. Həmçinin YAŞAT Fondunun 8110 çağrı mərkəzi modeli nümunə göstərilərək, sanatoriya yollayışlarının təşkili zamanı da analoji xidmət mexanizminin tətbiqi təklif olunur.

Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Redaktor.az-a bildirildi ki, vətəndaş Məğrur Bədəlsoyun yollayışların verilməsi və əlilliyi olan şəxslərin müraciətləri ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ünvanına səsləndirdiyi iddialar həqiqəti əks etdirmir:

"Bildiririk ki, bütün vətəndaşlar, o cümlədən əlillər, sosial sığorta ödəyiciləri, pensiyaçılar və həmkarlar ittifaqlarının üzvləri AHİK-in e-ahik.az portalı vasitəsilə qeydiyyatdan keçərək sanatoriya-kurort yollayışı üçün müraciət edə bilirlər. Müraciət prosesi tam elektron qaydada həyata keçirilir. Yollayışların verilməsi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na əsasən tənzimlənir. Bu qaydalara əsasən yalnız həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçılar yollayışın ümumi dəyərinin 15 % qismən dəyərini ödəməklə yollayış ala bilərlər. Eyni zamanda müraciət edən şəxs həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmaqla yanaşı eyni zamanda sosial həssas kateqoriyaya mənsubdursa bu halda ödənişsiz yollayışla təmin olunma hüququna malikdir.

Qaydalarda sosial həssas kateqoriyaların sayı 3-dən 11-ə çatdırılıb. Həmin qaydalara uyğun olaraq, əlilliyi olan şəxslər və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslər həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olduqda özü və onu müşayiət edən şəxs ödənişsiz yollayış almaq hüququna malik olur. Müraciət zamanı tələb olunan sənədlər aşağıdakılardır:

Şəxsiyyət vəsiqəsi; İş yerindən arayış (sosial sığorta ödəyicisi olduğu halda) və ya pensiyaçı olması barədə arayış (pensiyaçı olduğu halda (MyGov platforması üzərindən əldə edilir); Əlilliyin müəyyən edilməsi barədə arayış (MyGov platforması üzərindən əldə edilir).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması QAYDASI"na əsasən, işləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri tərəfindən  sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Elektron sistemdə müəyyən tarixlər üzrə boş yerlərin olmaması sistemin fəaliyyətində hər hansı məhdudiyyətlə deyil, müraciət intensivliyi və seçilmiş tarixlər üzrə yerlərin digər şəxslər tərəfindən artıq rezervasiya olunması ilə bağlıdır. Vətəndaşlar alternativ tarix (qalma müddəti), sağlamlıq və istirahət mərkəzinin otaq kateqoriyasını seçərək mövcud boş yerlərdən yararlana bilərlər.

Vətəndaş Məğrur Bələdsoyun Naxçıvanda yerləşən “Duzdağ” fizioterapiya mərkəzində müalicə müddəti ilə bağlı fikrinə cavab olaraq bildiririk ki, sözügedən müəssisə də daxil olmaqla bütün sağlamlıq mərkəzlərində müalicə müddəti 14 gecə (15 günədək) müəyyən edilib. “E-ahik.az portalı fasiləsiz rejimdə fəaliyyət göstərir, müraciətlər gündəlik qəbul olunur və müəyyən edilmiş prosedura uyğun mərhələli şəkildə icra edilir. Sistem tam şəffaflıq və əlçatanlıq prinsipi əsasında qurulub və bütün müraciətlərin operativ baxılması təmin edilir. Bu baxımdan sistemin əlçatan olmaması, yaxud vətəndaşların müraciət imkanlarının məhdudlaşdırılması ilə bağlı səsləndirilən iddialar qəbuledilməzdir və həqiqəti əks etdirmir. AHİK bundan sonra da vətəndaşların sağlamlıq və istirahət hüquqlarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən