Azərbaycanda avtomobillərlə bağlı yeni sistem: Alıcı bütün qəzaları və yürüşü görə biləcək

 15:25 15.07.2026     508

İnternet təhlükəsizliyi üzrə mütəxəssis Fərid Kazımov açıqlamasında bildirib ki, Azərbaycanda avtomobillərə rəqəmsal pasport məsələsi gündəmdə olmalıdır.

“Avtomobil ölkəyə daxil olan zaman bütün məlumatlar daxil olsa, kim tərəfindən istifadə edilib, hansı qəzalara düşüb və s., çox yaxşı olar. Bu, Avropa ölkələrində var. Bu, bazarı boz kölgədən açıq mühitə çıxara bilər”.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev hesab edir ki, Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması məsələsinin gündəmə gətirilməsi artıq zamanın tələbidir.

Onun sözlərinə görə, bu sistem sadəcə avtomobillər haqqında məlumatların elektron bazaya daxil edilməsi kimi qəbul edilməməlidir:

"Söhbət ölkədə avtomobil bazarının şəffaflaşdırılmasından, yol hərəkəti təhlükəsizliyinin artırılmasından və ən əsası, avtomobil alan vətəndaşın hüquqlarının qorunmasından gedir.

Avtomobil ölkəyə daxil olduğu andan onun rəqəmsal tarixçəsi formalaşdırılmalıdır. Nəqliyyat vasitəsinin istehsal ili, ilkin yürüş göstəricisi, hansı ölkədən gətirilməsi, əvvəlki istismar tarixçəsi, keçirdiyi yol-nəqliyyat hadisələri, aldığı ciddi zədələr və mümkün olduqda əvvəlki təmir məlumatları vahid sistemdə əks olunmalıdır. Avtomobil Azərbaycanda istismara başladıqdan sonra isə texniki baxış nəticələri, yürüş göstəricilərində baş verən dəyişikliklər, sığorta hadisələri, yol-nəqliyyat qəzaları, əsaslı təmir və avtomobilin təhlükəsizlik sistemlərinə edilən ciddi müdaxilələr onun rəqəmsal pasportuna əlavə edilməlidir.

Bu gün ikinci əl avtomobil bazarında alıcının qarşılaşdığı ən ciddi problemlərdən biri avtomobilin real keçmişi haqqında tam və etibarlı məlumat əldə edə bilməməsidir. Vətəndaş avtomobil alarkən çox vaxt yalnız satıcının verdiyi məlumata, avtomobilin xarici görünüşünə və bir servis mərkəzində aparılan qısa texniki yoxlamaya güvənmək məcburiyyətində qalır. Halbuki avtomobil əvvəllər ağır yol-nəqliyyat hadisəsində iştirak edə, ciddi konstruktiv zədə ala, hətta təhlükəsizlik sistemləri sıradan çıxa bilər".

Həmsöhbətimiz vurğuladı ki, təcrübədə qəzalı avtomobillərin kosmetik və texniki təmirdən sonra qəzasız avtomobil kimi satışa çıxarılması hallarına rast gəlinir:

"Yürüş göstəricisinin azaldılması da ikinci əl avtomobil bazarında ciddi problemlərdən biridir. Məsələn, uzun illər və yüksək intensivliklə istifadə edilmiş avtomobilin yürüşü elektron müdaxilə ilə aşağı göstərilə və daha yüksək qiymətə satıla bilər. Alıcı isə avtomobilin real texniki vəziyyətindən xəbərsiz olduğu üçün sonradan həm böyük maliyyə itkisi, həm də təhlükəsizlik riski ilə üzləşir.

Burada daha ciddi məsələ avtomobilin passiv və aktiv təhlükəsizlik sistemləridir. Ağır qəzadan sonra hava yastıqları açılmış avtomobil bəzən tam şəkildə bərpa edilmir. Hava yastığının yerinə müxtəlif elektron müqavimətlər quraşdırılaraq sistemdəki xəta işığının söndürülməsi halları ola bilər. Eyni zamanda kuzovun əsas daşıyıcı elementləri, lonjeronlar və avtomobilin konstruktiv hissələri ciddi zədə aldıqdan sonra qeyri-peşəkar şəkildə bərpa edilə bilər. Xarici görünüş baxımından avtomobil normal təsir bağışlasa da, növbəti qəza zamanı onun təhlükəsizlik göstəriciləri istehsalçının nəzərdə tutduğu səviyyədə olmaya bilər.

Rəqəmsal avtomobil pasportu məhz belə risklərin azaldılmasına xidmət edə bilər. Vətəndaş avtomobil almaq istədikdə nəqliyyat vasitəsinin identifikasiya məlumatları əsasında onun tarixçəsini yoxlamaq imkanına malik olmalıdır. Alıcı əvvəlcədən bilməlidir ki, avtomobil hansı tarixdə ölkəyə daxil olub, qeydiyyat və texniki baxış mərhələlərində yürüş göstəricisi neçə olub, hansı sığorta hadisələrində iştirak edib və avtomobildə hansı ciddi texniki müdaxilələr aparılıb.

Lakin burada vacib bir prinsip var: sistem formal xarakter daşımamalıdır. Əgər rəqəmsal pasporta yanlış və ya natamam məlumat daxil ediləcəksə, bu sistemin etibarlılığı çox qısa müddətdə itəcək. Ona görə məlumatların mənbəyi və düzgünlüyü ciddi şəkildə təmin edilməlidir. Gömrük, qeydiyyat, texniki baxış, sığorta və digər aidiyyəti məlumat bazaları arasında təhlükəsiz rəqəmsal inteqrasiya yaradılmalıdır. Avtomobilin tarixçəsinə daxil edilən hər bir məlumatın mənbəyi və tarixi sistemdə görünməlidir".

Adil Nəbiyev qeyd etdi ki, avtomobil sahiblərinin şəxsi məlumatlarının qorunması da diqqətdən kənarda qalmamalıdır:

"Rəqəmsal pasportun məqsədi avtomobilin əvvəlki sahibinin şəxsi həyatını və kimliyini ictimaiyyətə açıqlamaq deyil. Alıcı üçün əsas olan nəqliyyat vasitəsinin texniki və istismar tarixçəsidir. Yəni sistem şəffaf olmalı, amma fərdi məlumatların qorunması prinsiplərinə də ciddi əməl edilməlidir.

Bu sistem sığorta bazarına da müsbət təsir göstərə bilər. Avtomobilin əvvəlki qəza və zədə tarixçəsi daha dəqiq məlum olduqda risklərin qiymətləndirilməsi obyektivləşər. Eyni zamanda, eyni zədənin müxtəlif vaxtlarda təkrar sığorta hadisəsi kimi təqdim edilməsi və ya avtomobilin əvvəlki ciddi zədələrinin gizlədilməsi kimi risklərin qarşısının alınması daha asan olar.

Digər tərəfdən, rəqəmsal pasport avtomobil servislərində də məsuliyyət və keyfiyyət standartlarının yüksəlməsinə təsir edə bilər. Əgər avtomobilə edilən ciddi texniki müdaxilələr, xüsusilə əyləc, sükan, təhlükəsizlik yastıqları və daşıyıcı konstruksiya ilə bağlı təmir işləri sistemdə qeyd edilərsə, görülən işə görə məsuliyyət də artar. Amma sistem elə qurulmalıdır ki, yalnız iri servis mərkəzlərinə üstünlük verməsin. Müəyyən texniki və peşəkar tələblərə cavab verən kiçik və orta təmir müəssisələrinin də sistemə qoşulmaq imkanı olmalıdır. Əks halda rəqəmsallaşma adı altında bazarda süni inhisarlaşma və xidmət qiymətlərinin artması riski yarana bilər.

Hesab edirəm ki, rəqəmsal avtomobil pasportunun tətbiqi ikinci əl avtomobil bazarında ciddi dəyişiklik yarada bilər. Bu gün avtomobilin qiyməti çox vaxt onun görünüşünə, satıcının təqdim etdiyi məlumata və bazardakı ümumi qiymətlərə əsasən müəyyən edilir. Gələcəkdə isə avtomobilin şəffaf və təsdiqlənmiş tarixçəsi onun real bazar dəyərinin formalaşmasında əsas meyarlardan birinə çevrilə bilər.

Nəticədə yaxşı saxlanılmış, real yürüşü olan və ciddi qəza keçirməmiş avtomobil daha yüksək etibar qazanacaq. Ağır zədələri və ya ciddi texniki müdaxilələri olan avtomobilin tarixçəsini isə alıcı əvvəlcədən görəcək və qərarını məlumatlı şəkildə verəcək. Bu, avtomobil satışına mane olmaq deyil. Əksinə, alıcı ilə satıcı arasında daha dürüst və şəffaf münasibət yaratmaqdır".

Müsahibimiz hesab edir ki, rəqəmsal avtomobil pasportu düzgün hüquqi və texniki mexanizmlərlə tətbiq edilərsə, avtomobil bazarını qeyri-şəffaf və kölgə münasibətlərindən daha açıq, nəzarət olunan və etibarlı mühitə çıxara bilər:

"Burada əsas məqsəd təkcə dövlət nəzarətini gücləndirmək deyil. Əsas məqsəd vətəndaşın aldadılmasının qarşısını almaq, təhlükəli avtomobillərin tarixçəsini gizlətməyə imkan verməmək və yollarda texniki cəhətdən daha təhlükəsiz nəqliyyat vasitələrinin istismarını təşviq etmək olmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən