Autizm tərbiyədən yaranır? - Mütəxəssis bu iddialara aydınlıq gətirdi

 17:10 15.07.2026     1153

Azərbaycanda son beş ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb.

Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624, 2022-ci ildə 2378, 2023-cü ildə 3029, 2024-cü ildə 3112, 2025-ci ildə isə 3533 nəfər olub. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə müvafiq olaraq 55, 64, 86, 103 və 123 nəfər təşkil edib.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Redaktor.az-a bildirdi ki, autizm uşağın erkən inkişaf mərhələlərində müşahidə olunan, beynin inkişaf xüsusiyyətləri ilə əlaqəli bir vəziyyətdir:

"Onun yaranması bir neçə bioloji amilin qarşılıqlı təsiri ilə bağlıdır, tək səbəblə izah edilə bilməz. Genetik xüsusiyyətlər bu prosesdə mühüm rol oynayır. Bununla yanaşı, uşağın inkişaf dövründə təsir göstərə bilən müxtəlif bioloji faktorlar da nəzərə alınır".

O qeyd etdi ki, autizmi valideyn davranışı, tərbiyə üsulu və ailə münasibətləri ilə əlaqələndirmək elmi baxımdan doğru deyil:

"Valideynlər uşağın inkişafını izləyərkən ünsiyyət qurma formasına, sosial münasibətlərinə, oyun bacarıqlarına, nitq inkişafına və davranış xüsusiyyətlərinə diqqət yetirməlidirlər. Göz təmasının zəif olması, adına reaksiyanın az olması, ünsiyyətə marağın aşağı olması, nitq inkişafında fərqliliklər, təkrarlayıcı davranışlar və hissi həssaslıqlar müşahidə edildikdə mütəxəssis dəstəyi almaq vacibdir".

Müsahibimiz əlavə etdi ki, bu xüsusiyyətlərin uşağın gündəlik həyatına təsirini azaltmaq üçün valideynlər dəstəkləyici, sabit, anlayışlı mühit yaratmalıdırlar:

"Uşaqla qarşılıqlı ünsiyyət qurmaq, onun maraqlarına uyğun oyunlara qoşulmaq, sosial bacarıqları təşviq etmək, gündəlik rutinlər formalaşdırmaq, kiçik inkişaf addımlarını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Valideynlər davranışın özündən daha çox həmin davranışın səbəbini anlamağa çalışmalıdırlar. Erkən qiymətləndirmə, ehtiyac olduqda psixoloji, loqopedik və pedaqoji dəstəyin başlanması uşağın ünsiyyət, uyğunlaşma və müstəqillik bacarıqlarının inkişafına kömək edir. Əsas məqsəd uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq potensialını gücləndirmək, onun cəmiyyətə daha rahat uyğunlaşmasına şərait yaratmaqdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən