Gürcüstandan qoyun idxalı: Azərbaycan niyə ilk sıradadır?

 17:31 16.07.2026     475

2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib. Gürcüstandan diri qoyun ixrac edən əsas ölkələr arasında Azərbaycan ilk yerdə gəlir. Azərbaycan 9,1 min baş heyvan ixrac edib.

Ümumiyyətlə, əsas alıcının Azərbaycan olması nə ilə bağlıdır? Azərbaycanda yerli qoyunçuluq təsərrüfatı daxili tələbatı tam ödəyə bilmir, yoxsa idxal iqtisadi baxımdan daha sərfəlidir? Bəs bu, ət qiymətlərinə necə təsir edə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a bildirdi ki, Azərbaycanın Gürcüstandan diri qoyun idxalında əsas alıcı olması bir neçə amillə bağlıdır:

"İlk növbədə, coğrafi yaxınlıq nəqliyyat xərclərini azaldır və heyvanların daha qısa müddətdə ölkəyə çatdırılmasına imkan verir. Digər tərəfdən, müəyyən dövrlərdə daxili bazarda tələbatın artması, xüsusilə bayramlar və mövsümi istehlak zamanı əlavə idxala ehtiyac yarada bilir".

Onun sözlərinə görə, bu vəziyyət yerli qoyunçuluğun tamamilə tələbatı ödəyə bilməməsi demək deyil:

"Lakin istehlakın artdığı dövrlərdə bazarda sabitliyi qorumaq, kəsimlik heyvan ehtiyatını artırmaq və qiymət artımının qarşısını almaq üçün idxaldan istifadə edilir. Bəzi hallarda isə qonşu ölkədən diri heyvanın alınması iqtisadi baxımdan daha sərfəli ola bilər.

İdxalın artması bazarda təklifin genişlənməsinə kömək etdiyindən qoyun ətinin qiymətlərinə sabitləşdirici təsir göstərə bilər. Yəni əlavə təklif qiymətlərin kəskin bahalaşmasının qarşısını almağa kömək edir. Bununla belə, son qiymətlərə yem xərcləri, logistika, valyuta məzənnəsi, mövsümi tələbat və digər istehsal xərcləri də təsir göstərdiyi üçün təkcə idxalın artması qiymətlərin əhəmiyyətli dərəcədə ucuzlaşacağı anlamına gəlmir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən