Bananları niyə yetişməmiş halda satırlar? – SƏBƏB AÇIQLANDI

 16:36 17.07.2026     453

Son günlər marketlərdə satışa çıxarılan bananların yaşıl rəngdə olması müşahidə olunur. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olur.

Bəs bunun səbəbi nədir?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bazarda bəzən belə hallar olur:

"Yəni bazarda banan qıtlığı olur və yetişmə müddəti başa çatmamış yeni banan partiyaları gətirilir. Bu bananları almaq isə insanların zövqündən asılıdır. Kim istəyir, onu yaşıl alır, evdə saxlayır. Evdə bir müddət saxlayandan sonra ondan istifadə edir. Bəziləri də imtina edir, almır, gözləyir ki, əmtəəlik, yaxşı keyfiyyətli banan bazara çıxsın, ondan sonra onu alsın".

Müsahibimiz təəssüflə bildirdi ki, bazarda meyvə və tərəvəzlər üçün xüsusi standart yoxdur:

"Ümumiyyətlə, meyvənin, tərəvəzin standartı Azərbaycanda müəyyən edilməyib. Biz görürük ki, qurdlu meyvələr də, xarab olmuş meyvələr də, tərəvəzlər də bazara çıxarılır. Eləcə də xaricdən gətirilən məhsullarda da bəzən görürsünüz ki, standart yoxdur, biz bunu deyə bilmirik. Amma indi əksər ölkələrdə o standart müəyyən edilib. Bizdə, təəssüflər olsun ki, standart yoxdur.

Ona görə də indi sahibkara irad tutmaq olmur ki, "Niyə bunu yaşıl satırsan? Niyə tam yetişdirib təqdim etmirsən?" Tam yetişdirəndə də satışda çətinlik çəkirlər. Alıcılıq qabiliyyəti Azərbaycanda çox aşağıdır. Ona görə də banan alanların da sayı azdır. Getdikcə alanlar azalır. Məhsul qalandan sonra xarab olur. Ona görə də irad tutmaq olmur. O, alıcının zövqündən asılıdır. Alıcı almasa, onlar yaşıl bananı bazara çıxarmayacaqlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən