Telefonunuzda pasportun şəklini saxlayırsınız? - Ekspertdən vacib XƏBƏRDARLIQ
Bir çox insan mühüm sənədlərin, o cümlədən pasportun səhifələrinin şəkillərini smartfonun yaddaşında saxlamağa öyrəşib. İlk baxışdan bu, rahat və praktik görünür.
Lakin belə bir vərdiş sonradan ciddi problemlərə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov qeyd etdi ki, smartfonlarda pasport, şəxsiyyət vəsiqəsi və ya digər mühüm sənədlərin fotoşəkillərini saxlamaq gündəlik həyatda böyük rahatlıq yaratsa da, bu vərdiş ciddi kibertəhlükəsizlik və fərdi məlumatların oğurlanması risklərini də özü ilə gətirir:
"İlk baxışdan zərərsiz görünən bu vərdiş, cihazın rəqəmsal və ya fiziki təhlükəsizliyi pozulduqda istifadəçini böyük maliyyə və hüquqi problemlərlə üz-üzə qoya bilər.
Ən böyük təhlükələrdən biri bulud sinxronizasiyası ilə bağlıdır. Smartfonlardakı qalereya tətbiqləri çox vaxt avtomatik olaraq Google Photos, iCloud və ya digər bulud yaddaş sistemlərinə qoşulur. Əgər istifadəçinin e-poçt və ya bulud hesabı zəif şifrə, yaxud ikiaddımlı təsdiqləmənin olmaması səbəbindən ələ keçirilərsə, kiberfırıldaqçılar həmin sənədlərin şəkillərinə asanlıqla çıxış əldə edirlər. Bu sənədlərdən istifadə edərək onlayn xidmətlərdə saxta profillər açmaq və ya müxtəlif platformalarda qeydiyyatdan keçmək mümkündür".

Müsahibimiz vurğuladı ki, digər bir risk isə mobil tətbiqlərə verilən icazələr və zərərli proqram təminatı ilə əlaqədardır:
"Bir çox smartfon istifadəçisi yeni yüklədiyi tətbiqlərə qalereyaya və daxili yaddaşa çıxış icazəsi verərkən ehtiyatsız davranır. Təhlükəsiz olmayan və ya zərərli kod ehtiva edən tətbiqlər arxa fonda işləyərək yaddaşdakı pasport və digər sənəd şəkillərini aşkar edib kənar serverlərə ötürə bilər. Beləliklə, istifadəçinin xəbəri olmadan onun bütün fərdi məlumatları kənar şəxslərin əlinə keçir.
Cihazın fiziki olaraq itirilməsi və ya oğurlanması da sənədlərin başqalarının əlinə keçməsinə şərait yaradır. Şifrəsi asan sındırılan və ya ümumiyyətlə kilid sistemi aktiv olmayan telefonlarda qalereyaya daxil olmaq saniyələr alır. Fırıldaqçılar əldə etdikləri pasport şəkilləri vasitəsilə bəzi maliyyə platformalarında mikrokreditlər üçün müraciət edə və ya qanunsuz əməliyyatlarda istifadəçinin adından istifadə edərək onu ağır hüquqi məsuliyyət altında qoya bilərlər".
Onun sözlərinə görə, bu təhlükələrin qarşısını almaq üçün mühüm sənədləri birbaşa telefonun standart qalereyasında saxlamaqdan çəkinmək lazımdır:
"Əgər bu sənədlərin telefonda olması zəruridirsə, onları xüsusi şifrələnmiş və qorunan qovluqlarda saxlamaq lazımdır. Həmçinin, həmin sənədlərin olduğu qovluqların bulud yaddaşı ilə sinxronizasiyasını söndürmək və cihazda güclü biometrik kilid sistemlərindən istifadə etmək zəruridir".
Xədicə BAXIŞLI













