Yerli mağazada daha ucuz olsa da, niyə vətəndaşlar "Temu"nu seçir? - AÇIQLAMA

 18:08 17.07.2026     494

“Temu” son dövrlər ucuz qiymətləri ilə vətəndaşların ən çox üz tutduğu onlayn alış-veriş platformalarından birinə çevrilib. Lakin platformada satılan bütün məhsulların yerli bazardan daha ucuz olduğunu demək düzgün olmaz. Hətta bəzi məhsullar ölkəmizdə 1-2 manat daha aşağı qiymətə satılır. Buna baxmayaraq, vətəndaşların böyük əksəriyyəti yenə də alış-veriş üçün “Temu”ya üstünlük verir.

Bəs hazırkı vəziyyətdə vətəndaşların “Temu”ya bu qədər müraciət etməsinin əsas səbəbi nədir?

Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, ölkəmizdə "Temu"dan ucuz məhsulların satılması yaxşıdır, yəni bu, seçim məsələsidir:

"Vətəndaş "Temu"ya da müraciət edə bilər, gedib mağazadan da ala bilər. Burada heç bir problem yoxdur. Vətəndaşın "Temu"ya müraciət etməsinin əsas səbəbi onlayn ticarətin verdiyi üstünlüklərdir. Yəni evində oturur, vaxt itkisi olmadan telefon vasitəsilə məhsulları müqayisə edir, baxır, seçir, yoxlayır və alır".

Onun sözlərinə görə, onlayn ticarət bir çox üstünlüklərə malikdir:

"İnsanlara komfort verir. Komfort deyəndə nəzərdə tutulur ki, evimizdə oturaraq istədiyimiz vaxt məhsulu seçə bilirik. Bunun üçün hansısa mağazaya getməyə, vaxt itirməyə ehtiyac olmur. İstədiyimiz vaxt istədiyimiz şeyi ala bilirik. Bunların hamısı komfortdur. Eyni zamanda xərclərimizi aşağı salır. Daha çox informasiya verir və biz müqayisə edə bilirik. Bunlara görə onlayn ticarətin ənənəvi ticarət qarşısında üstünlüyü var.

Mənim həmişə tənqid etdiyim məsələ odur ki, onlayn ticarətdə alıcıya 300 dollarlıq vergi güzəşti verirlər, amma ənənəvi ticarətdə heç bir güzəşt yoxdur. Mənim dediyim odur ki, bu, ənənəvi ticarəti sıxışdırır, boğur. Yəni mən bu baxımdan onlayn ticarətə verilmiş süni vergi üstünlüyünü tənqid edirəm. Amma hərəsinin öz üstünlüyü var. Vətəndaş haradan istəyirsə, oradan alar.

Adi sudan nümunə verim. Su bir dükanda 40 qəpikdir, başqa bir dükanda 50 qəpikdir, restoranda isə 2 manatdır. Məkandan-məkana görə qiymətlər fərqlənir. Bazar iqtisadiyyatında işığın qiyməti, metronun qiyməti, avtobusun qiyməti eyni olmalıdır. Amma paltarın, geyimin, ətin, südün, yağın və digər məhsulların qiyməti fərqli ola bilər. Bunları bazar tənzimləyir. Kim də haradan istəyirsə, oradan alır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən