Komplekslərimizin çoxu bizə hələ ana bətnində ötürülür - Psixoloqdan maraqlı İZAH
Müasir dövrdə bir çox insan kompleksləri səbəbindən həyatında müxtəlif dəyişikliklər etməyə çalışır.
Bəs komplekslərin yaranmasının əsas səbəbləri nələrdir? Niyə bəzi insanlar digərlərinə nisbətən daha çox kompleks yaşayırlar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirdi ki, kompleks anlayışı həyatımıza gündəlik mövzu kimi psixoloji inkişafımıza diqqət yetirməyə, psixoloji travmalarımızla mübarizə aparmağa və psixologiyamızla daha çox maraqlanmağa başladığımız dövrdə sürətlə daxil oldu:
"Amma bu anlayış heç də tam obyektiv şəkildə təqdim edilmədi. İnsan, əslində, komplekslərdən ibarətdir. Bizi idarə edən tərəflərimizdən biri də məhz komplekslərimizdir. Lakin komplekslərin hər zaman mənfi olması, yalnız travmalar nəticəsində yaranması və ya insanı geriyə aparması barədə düşüncə doğru deyil. Kompleks adlandırdığımız xüsusiyyətlər bəzən əxlaq normalarımız, bəzən qadağalarımız olur. Düşünürəm ki, biz komplekslərimizə kifayət qədər obyektiv yanaşmırıq. Əgər buna obyektiv baxa bilsək, bir çox hallarda komplekslərimizin həyatımızda müsbət rol oynadığını da görərik".
Psixoloqun sözlərinə görə, insanlar inkişaf etdikcə, müdrikləşdikcə, öz üzərlərində işlədikcə və mənəviyyatları zənginləşdikcə zamanla anlayacaqlar ki, komplekslər təkcə maneə deyil, bəzən onların xeyrinə də işləyən amildir:
"Bu gün komplekslərdən danışarkən daha çox xarici görünüşlə bağlı məsələlərə toxunuruq. Çünki bu anlayış barədə bildiklərimiz əsasən bununla məhdudlaşır. Halbuki komplekslər yalnız xarici görünüşlə əlaqəli deyil. Əvvəla, komplekslərin əksəriyyəti bizə hələ ana bətnində olarkən ötürülür. Anamızın yaşantıları, qorxuları, üzüntüləri, əxlaq normaları və ön mühakimələri müəyyən mənada bizə təsir edir. Həyat, insanlar və ictimai mühit haqqında ilkin təsəvvürlərimizin formalaşması da həmin dövrdən başlayır".
O qeyd etdi ki, komplekslərin yalnız maneə yaratdığını və insanı geriyə apardığını demək düzgün yanaşma deyil:
"Yenə qeyd edirəm ki, insanlar daha çox xarici görünüşlə bağlı kompleksləri əzbərlədikləri üçün bu anlayışı yalnız həmin çərçivədə qiymətləndirirlər. Biz bilməliyik ki, əgər insan özündə hansısa xüsusiyyətin ona mane olduğunu hiss edirsə və ya ictimai mühit bunu ona göstərirsə, burada vacib bir məqam var: komplekslər insanın özündən yaranmır. Onlar ya genetik olaraq anadan ötürülür, ya da ictimai mühitin rəyi əsasında formalaşır. Buna görə də kompleksləri yalnız insanın öz şəxsi xüsusiyyəti kimi qiymətləndirmək doğru deyil. Məsələn, mən "komplekslərim mənə məxsusdur" deyə bilərəm. Amma onların formalaşması müəyyən mühitdə, müəyyən şəraitdə və yaşadığım sosial koordinatlar daxilində baş verib. Yəni komplekslərin yaranmasının konkret səbəbləri və formalaşdığı mühit var. Bu səbəbdən komplekslər haqqında kifayət qədər məlumat olmadan danışmaq və ya onları qiymətləndirmək düzgün nəticə verməyəcək".
Müsahibimiz əlavə etdi ki, insan öz komplekslərinin fərqində ola da bilər, olmaya da bilər:
"Bunu müəyyənləşdirmək üçün mütəxəssislər var. Çünki biz hələ kompleks anlayışını tam mənası ilə dərk etmirik. Bu anlayışı daha dərindən mütəxəssislər başa düşürlər. Məhz onların köməyi ilə biz düşündüyümüz xüsusiyyətin həqiqətən kompleks olub-olmadığını müəyyən edə bilərik. Çox vaxt müəyyən mərhələdən sonra anlayırıq ki, kompleks hesab etdiyimiz məsələ əslində kompleks deyil. Ona görə də ilk növbədə aydınlaşdırmaq lazımdır ki, bu həqiqətən kompleksdirmi, yoxsa deyil. Onun əsası varmı, bazası varmı, mənim xeyrimədirmi, yoxsa ziyanımadır? Yalnız bundan sonra həmin kompleks üzərində işləmək və ya işləməmək barədə qərar vermək olar. Yəni birinci mərhələ onun həqiqətən kompleks olub-olmadığını müəyyənləşdirməkdir. Mən bunu mütəxəssis dəstəyi ilə etməyi tövsiyə edərdim. Bundan sonra isə həmin kompleksin insanın həyatını geriyə apardığını, yoxsa əksinə, ona dəstək olduğunu qiymətləndirmək lazımdır. Əgər bu, insanın həyatını yaşamasına mane olursa, artıq növbəti mərhələdə onun aradan qaldırılması istiqamətində addımlar atmaq mümkündür".
Xədicə BAXIŞLI













