Azərbaycanda hibrid iş və 4 günlük iş həftəsi tətbiq oluna bilər - Deputat DANIŞDI

 16:53 21.07.2026     489

"Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş 2026–2030-cu illər üzrə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini, əmək bazarının müasir tələblərə uyğunlaşdırılmasını və yeni iş yerlərinin yaradılmasını nəzərdə tutur. Bu sənədin mühüm istiqamətlərindən biri beynəlxalq praktikada uğurla tətbiq olunan çevik iş rejimi modellərinin Azərbaycanın əmək bazarında tətbiq edilməsidir. Tədbirlər Planına əsasən, çevik iş vaxtı rejimi modellərinin hazırlanması və tətbiqi ilə bağlı tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov səsləndirdi.

O qeyd etdi ki, dünya təcrübəsində çevik məşğulluq modellərindən geniş istifadə edilir və onların əsas məqsədi həm işçilərin, həm də işəgötürənlərin ehtiyaclarını daha səmərəli şəkildə uzlaşdırmaqdır:

"Ən geniş yayılmış modellərdən biri hibrid iş rejimidir. Bu modelə əsasən, işçi həftənin müəyyən günlərini ofisdə, digər günlərini isə məsafədən işləyir. Məsələn, əməkdaş bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri ofisdə fəaliyyət göstərir, cümə axşamı və cümə günləri isə işini evdən və ya digər məkandan yerinə yetirir. Bu model həm iş prosesinin davamlılığını təmin edir, həm də işçilərə daha çevik iş qrafiki təqdim edir".

İqtisadçının sözlərinə görə, dünya praktikasında tətbiq olunan digər modellərdən biri sıxılmış iş həftəsi saatlar metodudur:

"Bu zaman işçi işəgötürənlə razılaşma əsasında həftənin beş günü əvəzinə dörd gün işləyir. Bunun üçün gündəlik iş saatı, məsələn, 8 saat əvəzinə 10 saat müəyyən edilir. Nəticədə işçi əlavə bir istirahət günü qazanır və onun həftəsonu üç gün – məsələn, cümə, şənbə və bazar günlərini əhatə edə bilir. Digər mühüm model çevik iş saatları sistemidir. Bu halda işçi gün ərzində müəyyən əsas iş saatlarında fəaliyyət göstərir, lakin işə başlama və işi bitirmə vaxtını müəyyən sərhədlər daxilində özü seçə bilir. Məsələn, əsas iş vaxtı saat 10:00-dan 16:00-dək müəyyən edilir, qalan saatları isə işçi işəgötürənlə razılaşdırılmış qrafik əsasında tamamlayır. Bu model xüsusilə ailə öhdəlikləri olan və ya fərdi iş qrafikinə ehtiyacı olan şəxslər üçün əlverişli hesab olunur".

Vüqar Bayramov bildirdi ki, beynəlxalq təcrübədə istifadə edilən başqa bir yanaşma isə işin bölüşdürülməsi (job sharing) modelidir.

"Bu halda tam ştat vəzifə və ya konkret tapşırıq iki yarımştat işçi arasında bölüşdürülür. Hər iki əməkdaş öz iş qrafikinə uyğun olaraq vəzifənin müəyyən hissəsini icra edir və nəticədə eyni vəzifənin yerinə yetirilməsinə birgə məsuliyyət daşıyırlar. Bu model həm məşğulluğun artırılmasına, həm də iş və şəxsi həyat balansının qorunmasına xidmət edir. Son illərdə daha çox yayılan modellərdən biri də nəticə əsaslı iş mühiti modelidir. Bu yanaşmada işçinin fəaliyyəti iş yerində keçirdiyi saatlarla deyil, əldə etdiyi nəticələrlə qiymətləndirilir. Əsas diqqət tapşırıqların keyfiyyətlə və müəyyən olunmuş müddətdə yerinə yetirilməsinə yönəldilir. İşçi qarşısına qoyulan öhdəlikləri vaxtında və səmərəli şəkildə icra etdiyi halda, işin hansı saatlarda və haradan görülməsi ikinci dərəcəli məsələ hesab olunur. Beləliklə, əmək münasibətlərində əsas meyar iş vaxtı deyil, məhsuldarlıq və əldə olunan nəticə olur. Bu modellərin Azərbaycanda tətbiqi əmək bazarının daha çevik və rəqabətqabiliyyətli olmasına, işçilərin əmək məhsuldarlığının artmasına, iş və şəxsi həyat balansının yaxşılaşmasına, eyni zamanda müxtəlif sosial qrupların əmək bazarına inteqrasiyasının güclənməsinə töhfə verə bilər", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən