Azərbaycanda da yeniyetmələrə gecə sosial şəbəkə qadağası olacaq? - AÇIQLAMA
Böyük Britaniya hökuməti 16 və 17 yaşlı gənclər üçün sosial şəbəkələrdə "komendant saatı"nın tətbiqinə razılıq verib. Bu barədə ölkənin Elm, İnnovasiyalar və Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saat 00:00-dan 06:00-dək tətbiqlərə giriş məhdudlaşdırılacaq.
Bəs, bu, Azərbaycanda da tətbiq edilə bilərmi?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Redaktor.az-a bildirdi ki, Böyük Britaniya hökumətinin 16-17 yaşlı gənclər üçün sosial şəbəkələrdə gecə saatlarında məhdudiyyət nəzərdə tutan təşəbbüsü rəqəmsal mühitdə uşaq və yeniyetmələrin psixi sağlamlığının, yuxu rejiminin və rəqəmsal rifahının qorunması istiqamətində atılan diqqətçəkən addımlardan biridir.
Onun fikrincə, bu addımın Azərbaycanda tətbiq edilmə imkanlarını qiymətləndirərkən bir neçə texniki, hüquqi və sosial aspekti nəzərə almaq faydalı ola bilər:
İlk növbədə, Azərbaycanın rəqəmsal ekosistemində və qanunvericiliyində uşaqların rəqəmsal təhlükəsizliyi və internetin zərərli məzmunundan qorunması məsələsi prioritet istiqamətlərdəndir. Ölkədə rəqəmsal savadlılığın və kibergigiyenanın artırılması, uşaqların internetdə təhlükəsizliyinin təmin olunması istiqamətində normativ-hüquqi çərçivələr mütəmadi olaraq təkmilləşdirilir. Bu baxımdan, oxşar beynəlxalq təcrübələrin öyrənilməsi və yerli mühitə uyğunlaşdırılması nəzəri baxımdan mümkündür".
Müsahibimiz əlavə etdi ki, bu cür məhdudiyyətlərin birbaşa tətbiqi zamanı əsas çağırış texniki icra və yaşın dəqiq təyini mexanizmləri ilə bağlı ola bilər:
"Böyük Britaniya kimi ölkələrdə rəqəmsal platformaların istifadəçilərin yaşını təsdiq etməsi üçün ciddi alətlər və məsuliyyət tələbləri mövcuddur. Azərbaycanda da analoji modelin effektiv işləməsi üçün qlobal sosial media platformaları ilə sıx inteqrasiya, milli rəqəmsal kimlik sistemlərinin bu prosesə uyğunlaşdırılması və platformaların yerli tənzimləmə tələblərinə cavab verməsi zərurəti yaranacaq. Əks halda, istifadəçilərin VPN və ya yanlış yaş göstəriciləri vasitəsilə bu məhdudiyyətlərdən yayınma riski yüksək ola bilər".

E.Abbasovun sözlərinə görə, tam inzibati qadağalar və texniki fərmanlar əvəzinə, dövlət tənzimləmələri ilə valideyn nəzarəti alətlərinin sinerjisinə əsaslanan hibrid modelə üstünlük verilməsi daha real və effektiv yanaşma hesab oluna bilər:
"Bu modeldə dövlət platformaların üzərinə uşaq və yeniyetmə hesabları üçün defolt olaraq təhlükəsizlik və vaxt məhdudiyyəti funksiyalarını aktivləşdirmək öhdəliyi qoya bilər. İdarəetmə və yekun seçim isə maarifləndirilmiş valideynlərin və gənclərin öz rəqəmsal özünüidarəetmə vərdişlərinin üzərinə düşər. Texnoloji alətlərlə ailədaxili rəqəmsal gigiyena mədəniyyətinin bu cür sinerjisinin gənclərin rəqəmsal asılılıqdan qorunmasında daha davamlı nəticə verə biləcəyi ehtimal olunur".
Xədicə BAXIŞLI













