Azərbaycanda çevik iş vaxtı tətbiq olunacaq? - İqtisadçı əsas şərti AÇIQLADI
Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrin əsasında çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən işin təşkili formasıdır. Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, ilk növbədə onu qeyd edim ki, bizim kimi inkişaf etməkdə olan ölkələrdə bu qərarın tətbiqi üçün ciddi nəzarət və yoxlama islahatlarına ehtiyac var:
"Çünki işçi hüquqlarının pozulması və əmək münasibətlərində sui-istifadə halları kifayət qədər geniş yayılıb. Məsələn, sosial şəbəkələrin çox aktiv istifadə olunduğu, hətta dövlət qurumlarının fəaliyyətinin belə ictimai nəzarətdə saxlanıldığı bir dövrdə iş elanlarında açıq şəkildə 12 saatlıq iş rejimi göstərilir. Bu isə əmək qanunvericiliyinin açıq şəkildə pozulması deməkdir. Təəssüf ki, bu cür elanlar saysız-hesabsızdır. Bundan əlavə, marketlərdə, əczaxanalarda və digər özəl müəssisələrdə çalışan işçilərlə söhbət zamanı məlum olur ki, onlara nəinki illik məzuniyyət, hətta həftəlik istirahət günü belə verilmir. Ən yaxşı halda isə ay ərzində cəmi iki dəfə istirahət imkanı yaradılır. Biz artıq dünyaya inteqrasiya edirik və digər ölkələrdə tətbiq olunan, vətəndaşların maraqlarına xidmət edən faydalı qərarları ölkəmizdə də tətbiq etmək istəyirik. Lakin bunun üçün mövcud problemlər aradan qaldırılmalı, xoşagəlməz halların qarşısı alınmalıdır".

İqtisadçının fikrincə, əmək qanunvericiliyinə əlavə və dəyişikliklər edilməli, qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq olunan cəzalar daha da sərtləşdirilməlidir.
"Beynəlxalq Əmək Təşkilatının və digər qabaqcıl ölkələrin tətbiq etdiyi bu qərara gəldikdə isə düşünürəm ki, bu, faydalı təşəbbüsdür və ölkəmizdə də tətbiqi məqsədəuyğun olar. Məlumdur ki, əksər dövlət qurumları və bir sıra iri özəl müəssisələr yalnız həftəiçi və müəyyən saat aralığında fəaliyyət göstərir. Bu səbəbdən vətəndaşların iş yerindən icazə alaraq dövlət qurumlarında öz işlərini həll etməsi cəmiyyətimizdə ən böyük problemlərdən biri hesab olunur.
Qərarın əmək məhsuldarlığını artıracağı məsələsinə gəldikdə isə düşünmürəm ki, bu baxımdan ciddi dəyişiklik olacaq. Çünki 40 saatlıq, beşgünlük iş rejimində hər gün 8 saat işlənilir. Yəni ümumi iş saatı azalmır, sadəcə iş qrafikində dəyişiklik edilir. Bu model daha çox vətəndaşların rahatlığına, şəxsi işlərini daha çevik şəkildə həll etməsinə xidmət edə və bu baxımdan müəyyən iqtisadi fayda verə bilər", – deyə Günay Hüseynova yekunlaşdırdı.
Xədicə BAXIŞLI













