Uşaqlar niyə oyuncaqlara yox, telefonlara meyil edir? - Həkimdən AÇIQLAMA
"Uşaqların oyuncaqlarla oyun oynadığı dövr artıq geridə qalır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində oyunların uşaqların psixi inkişafında rolu haqqında danışan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı bildirdi.
Onun sözlərinə görə, bu məsələ müasir dövrdə bir çox valideyni narahat edir:
"Gəlin, əvvəlcə ətrafımıza baxaq. Məhəllədə, dost-tanış çevrəsində, ümumiyyətlə, uşaqların olduğu mühitdə onların məşğuliyyətlərinə diqqət etsək, çox nadir hallarda görərik ki, uşaqlar hansısa oyuncaqlarla müxtəlif oyunlar oynayırlar. Çünki artıq bunun dövrü tədricən geridə qalır. Texnologiya və rəqəmsal oyun vasitələri sürətlə inkişaf edir və hər addımda uşaqlara təqdim olunur. Bu təkliflər arasında müxtəlif virtual oyunlar, maraq oyadan və həyəcanverici təsir bağışlayan oyunlar uşaqlara daha cəlbedici görünür. Digər tərəfdən, bu gün uşağın ətraf mühiti də onun seçimlərinə ciddi təsir göstərir. Əgər yaşıdlarının əksəriyyəti kompüter oyunlarından, planşetlərdən, yeni model telefonlardan və müxtəlif rəqəmsal oyunlardan danışırsa, təbii ki, uşaq da onlardan geri qalmaq istəmir. O da yaşıdları kimi həmin texnoloji vasitələrdən istifadə etməyə çalışır. Yəni dövrün tələbi və uşağın sosial mühiti onun maraqlarını formalaşdırır. Günümüzdə nə daha çox təklif olunur və nə daha cəlbedici görünürsə, uşaq da təbii olaraq həmin oyun vasitələrinə üstünlük verir. Bu səbəbdən ənənəvi oyuncaqlarla oynamaq əvvəlki illərlə müqayisədə getdikcə azalır".
NURİYYƏ













