Oyuncağı və oyunu uşaq seçməlidir, yoxsa valideyn?

 15:10 22.07.2026     319

"Adətən valideyn oyuncaq seçərkən üç əsas amilə üstünlük verir: oyuncağın təhlükəsiz olmasına, uşağın yaşına uyğunluğuna və ailə büdcəsinə uyğun qiymətdə olmasına. Uşaqlar isə oyuncağı daha çox öz maraqlarına, həvəslərinə, istəklərinə və yaşıdlarının istifadə etdiyi oyun və oyuncaq modellərinə görə seçirlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində oyunların uşaqların psixi inkişafında rolu haqqında danışan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı bildirdi.

Həkim qeyd etdi ki, belə olan halda valideynlə uşaq arasında düzgün ünsiyyət qurulmalıdır:

"Uşağın istəkləri kəskin, aqressiv və ya emosional şəkildə rədd edilməməlidir. Əksinə, valideyn maraqlanmalıdır ki, uşaq niyə məhz həmin oyuncağı istəyir, bu oyuncaq ona nə qazandıracaq və inkişafına necə təsir edəcək. Bəzən uşaqlar həqiqətən də maraqlı və fərqli oyuncaqlara üstünlük verirlər. Məsələn, uşaq mikroskop istəyə bilər. Valideyn ilk baxışda bunu anlaya bilməz və "Mikroskop sənə nə üçün lazımdır?" deyə düşünə bilər. Halbuki uşaq tədqiqat aparmağı, araşdırma etməyi sevir və ya bitkilər, canlılar aləmi haqqında daha çox öyrənmək istəyir. Bu baxımdan valideyn çalışmalıdır ki, uşağın seçdiyi oyuncağın hansı maraqdan, hansı dünyagörüşündən və hansı ehtiyacdan irəli gəldiyini anlasın.

Digər tərəfdən, reklamlarda geniş şəkildə təbliğ olunan müxtəlif oyuncaqlar da uşaqların seçimlərinə təsir edir. Məsələn, Barbi kuklaları, hərəkətli və ya interaktiv oyuncaqlar uşaqlarda maraq yarada bilər. Bu zaman valideyn qiymətləndirməlidir ki, həmin oyuncaq uşağın psixoloji inkişafına, sosial bacarıqlarına və ünsiyyət qabiliyyətinə müsbət təsir göstərəcəkmi. Ola bilsin ki, uşaq həmin oyuncaq vasitəsilə yaşıdları ilə daha rahat ünsiyyət quracağını, sosiallaşacağını və dostları tərəfindən daha çox qəbul ediləcəyini düşünür. Ona görə də oyuncaq seçimi zamanı həm uşağın maraqları, həm də valideynin təhlükəsizlik, inkişaf və yaşa uyğunluqla bağlı meyarları birlikdə nəzərə alınmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən