Oyuncaqların mənfi təsirləri var - Psixoloqdan XƏBƏRDARLIQ

 15:14 22.07.2026     309

"Oyuncaqların uşaqlara həm fizioloji, həm də psixoloji baxımdan mənfi təsir göstərməsi ehtimalı var. Fizioloji baxımdan ilk növbədə oyuncağın detallarına, rənginə, qoxusuna, materialının keyfiyyətinə və hazırlanarkən istifadə olunan boyaların kimyəvi tərkibinə diqqət yetirilməlidir. Bütün bunlar uşağın sağlamlığına təsir göstərə bilər. Eyni zamanda oyuncağın müvafiq sertifikatlara malik olması və hansı yaş qrupu üçün nəzərdə tutulduğunun göstərilməsi də vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində oyunların uşaqların psixi inkişafında rolu haqqında danışan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı bildirdi.

O vurğuladı ki, xırda detallardan ibarət oyuncaqlar təhlükə yarada bilər:

"Məsələn, evdə kiçik yaşlı uşaq varsa və o, böyük uşağın xırda detallı oyuncaqları ilə təmasda olursa, təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Çünki həmin detalların udulması və ya başqa formada uşağa zərər verməsi riski mövcuddur. Bu, məsələnin fizioloji tərəfidir. Psixoloji baxımdan isə oyuncaqların üzərindəki obrazlara diqqət yetirmək lazımdır. Əgər oyuncaqlar aqressiv xarakterli, zorakılığı təbliğ edən və ya mənfi qəhrəman obrazlarını əks etdirirsə, onların alınması tövsiyə olunmur. Daha məqsədəuyğun olar ki, həmin obrazlar hərəkətli və interaktiv olsun, uşaq onları öz istədiyi şəkildə idarə edə bilsin. Bu zaman uşaq oyuncağı yalnız aqressiv obraz kimi deyil, oyun prosesinin bir hissəsi kimi qəbul edir. Digər mühüm məqam oyuncaqların rəng seçimidir. Məsələn, təbii rənglərdən çox uzaq, həddindən artıq parlaq və qeyri-adi rənglərə malik oyuncaqlar üç yaşa qədər uşaqlar üçün tövsiyə edilmir. Bu dövrdə uşağın əvvəlcə dörd əsas rəngi tanıması daha vacibdir. Digər rənglər isə tədricən onun oyun mühitinə daxil edilməlidir ki, rəng anlayışı düzgün formalaşsın".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən