Uşağın oynadığı oyunlar onun psixi inkişafından xəbər verir - Psixoloq

 15:17 22.07.2026     337

"Yaş qruplarına görə yanaşdıqda, 3 yaşa qədər uşaqlar dünyanı əsasən toxunmaq və dadmaq yolu ilə öyrənirlər. Bu yaş dövründə onlar oyunun mahiyyətini tam anlamadıqları üçün oyun prosesinə mütləq böyüklərin dəstəyi və nəzarəti ilə qoşulmaları daha məqsədəuyğundur".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində oyunların uşaqların psixi inkişafında rolu haqqında danışan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı dedi.

O vurğuladı ki, məktəbəqədər və ibtidai məktəb dövründə, yəni təxminən 3–7 yaş arasında uşaqlar tədricən müstəqil şəkildə oynamağa başlayırlar:

"Bu mərhələdə onların oyununa davamlı müdaxilə etmək düzgün deyil. Bununla yanaşı, uşaqları tam nəzarətsiz də qoymaq olmaz. Valideyn diqqət etməlidir ki, uşaq oyun zamanı hansı obrazlara üstünlük verir, hansı emosiyaları ifadə edir və oyun süjetlərini necə qurur. Çünki uşaqlar çox vaxt məktəbdə, bağçada, məhəllədə gördükləri münasibətləri və davranışları, eləcə də izlədikləri qısa videoları, YouTube məzmununu və telefondakı oyunlarda qarşılaşdıqları səhnə və obrazları öz oyunlarına köçürürlər.

Məhz oyun zamanı valideyn uşağın gün ərzində və ya həftə ərzində hansı davranışları mənimsədiyini, nələri öyrəndiyini və bunları necə tətbiq etdiyini müşahidə edə bilər. Bu da həmin davranışların uşağın gələcək inkişafına və sosial münasibətlərinə müsbət, yoxsa mənfi təsir göstərə biləcəyini qiymətləndirmək üçün vacib imkan yaradır. Əgər oyun zamanı narahatedici davranışlar müşahidə olunarsa, valideyn mütləq müdaxilə etməlidir. Ancaq bu müdaxilə kobud şəkildə, qadağalar və ya ittihamedici ifadələrlə deyil, sakit və mərhələli şəkildə, uşağa izah etməklə və onun diqqətini başqa, daha faydalı oyuna yönəltməklə həyata keçirilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən