Ev heyvanları uşaqlarda empatiya və məsuliyyət hissini inkişaf etdirir - Elnarə Baxışlı

 15:18 22.07.2026     364

"Çox vaxt ailələr uşaqların istəyi ilə pişik, it, hamster və digər ev heyvanlarını alırlar. Təəssüf ki, bir müddət sonra bu heyvanlara maraq azalır və onlar baxımsız qalır, hətta bəzi hallarda küçəyə atılırlar. Əslində isə uşaqların heyvanlarla münasibəti onların inkişafı baxımından çox müsbət təsir göstərir. Çünki ev heyvanına qulluq etmək uşaqda qayğıkeşlik, başqa bir canlının ehtiyaclarını hiss etmək, empatiya və emosional bağlılıq kimi keyfiyyətlərin formalaşmasına kömək edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində oyunların uşaqların psixi inkişafında rolu haqqında danışan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı səsləndirdi.

Həmçinin psixoloq vurğuladı ki, heyvana qulluq müəyyən intizam və məsuliyyət tələb edir:

"Onun yeməyini vermək, su ehtiyacını qarşılamaq, gündəlik baxımını təmin etmək və sağlamlığına diqqət yetirmək uşaqlarda məsuliyyət hissini gücləndirir. Eyni zamanda, onlar gigiyena qaydalarına əməl etməyi və nizam-intizamı öyrənirlər. Lakin burada həm uşağın, həm də heyvanın təhlükəsizliyi nəzərə alınmalıdır. Uşaq bilməlidir ki, heyvanla nə vaxt oynamaq olar, hansı hallarda ona toxunmaq düzgün deyil və heyvanın aqressiv davranışlarını necə tanımaq lazımdır. Məsələn, heyvan yemək yeyərkən, yatarkən və ya özünü narahat hiss edərkən onu narahat etmək, məcburən oynatmağa çalışmaq düzgün deyil. Əgər heyvan xəstədirsə, uşaq onunla necə davranmalı olduğunu bilməli, təmasdan sonra isə mütləq əllərini yumalıdır. Bu qaydalara düzgün əməl olunduqda və heyvan sağlam şəraitdə saxlanıldıqda ev heyvanlarının uşaqlar üçün ciddi təhlükə yaratdığını demək olmaz. Bundan başqa, bəzi tədqiqatlar göstərir ki, ev heyvanları ilə erkən yaşlardan təmas uşağın immun sisteminin inkişafına müsbət təsir göstərə və bəzi allergik xəstəliklərin yaranma riskini azalda bilər. Əlbəttə, bu, heyvanın sağlam olması, gigiyena qaydalarına əməl edilməsi və uşağın fərdi sağlamlıq vəziyyəti nəzərə alınmaqla qiymətləndirilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən