Xəzərin problemini beş ölkənin alimləri birgə araşdırmalıdır - İqlimşünasdan ÇAĞIRIŞ
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən həftə Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Eyni zamanda Xəzər dənizi də müzakirə mövzusu olub. Xəzər dənizindəki ekoloji vəziyyət, o cümlədən suyun səviyyəsinin aşağı düşməsindən irəli gələn çətinliklər və bu baxımdan əməkdaşlığın vacibliyi ilə bağlı müzakirələr aparılıb.
Bəs Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinə iqlim dəyişikliklərinin təsiri olurmu?
İqlimşünas Məhərrəm Mehdiyev Redaktor.az-a bildirdi ki, Xəzərin səviyyəsinin azalmasında iqlim dəyişikliklərinin böyük təsirini görmür:
"Təsir 2-3 faiz, maksimum 5 faiz ola bilər. Məncə, Xəzərin probleminin bu günə qədər dəqiq həllini tapan olmayıb. Əgər biz tarixə nəzər salsaq, eramızın əvvəllərində Xəzər dənizinin səviyyəsinin 9 metrə qədər aşağı düşdüyünü görərik. Ona görə də o vaxt iqlim dəyişiklikləri problemi, məncə, heç kimin ağlına gəlməyib. Əlbəttə, iqlim dəyişiklikləri prosesi gedir. Məsələn, temperaturun 1 dərəcə dəyişməsi üçün 10 minillərlə vaxt lazım gəldiyi halda, indiki dövrdə 200-250 il kifayət edib ki, onun 1 dərəcəyə qədər artmasını biz hazırda görürük.
Bu mənada Xəzər dənizi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovla cənab xarici işlər nazirimiz Ceyhun Bayramov arasında keçirilən görüş maraq doğurur. Xəzər dənizinin problemi ilə bağlı vaxtilə bir neçə dəfə müzakirələr aparılıb, konfranslar keçirilib. Hətta Xəzər haqqında konvensiya da qəbul edilib. Amma möhtəşəm bir elmi tədqiqata, yaxud statistik məlumatlara bu günə qədər rast gəlməmişəm. Bu dəfə nazirlər elə bir şəraitdə görüşürlər ki, Rusiya müharibə aparır. Onsuz da Rusiya ilə bizim aramızdakı münasibətlər bugünkü vəziyyətdə çox yaxşı deyil. Cənab Lavrov da yəqin ki, axırda söz-söhbət qalmayıb, Xəzər dənizini yada salıb və müəyyən müzakirələr aparıblar".

Həmsöhbətimizin sözlərinə görə, bu problem bütün Xəzər dənizi ilə həmsərhəd olan beş ölkənin ümumi problemi kimi nəzərə alınmalıdır:
"Problemin ən böyük təsiri, yəqin ki, Azərbaycana və Qazaxıstana olacaq. Çünki Xəzər sahilində bu ölkələrdə böyük urbanizasiya, yəni iri şəhərlər var, eyni zamanda iqtisadi maraqlar da çox böyükdür. Ona görə də Xəzərin quruması bizə iqtisadi cəhətdən çox böyük mənfi təsir göstərəcək.
Xəzərin dərdini geoloqlar, bioloqlar deyə bilərlər. Fikrimcə, dəniz öz dövrü ilə yaşayır. Yəni Xəzərin səviyyəsinin azalması, sonradan isə yenidən artması periodik olaraq baş verir. Güman edirəm ki, bundan sonra da elə olacaq. Lap əvvəlki vəziyyətinə gəlib çıxa bilərmi, çıxa bilməzmi, bunu deyə bilmərəm. Amma öz dövrü üzrə, nə qədər çəksə də, hardasa 2050-ci illərə qədər çox güman ki – və arzu edirəm ki – həmin səviyyəyə qayıtsın. Xəzərin bu problemini öyrənmək üçün əsasən beş ölkə birləşməli, onların alimləri bir araya gəlməli, burada elmi tədqiqat işləri üçün müvafiq sərmayələr qoyulmalı və məhz bu dövrlərdə Xəzərin səviyyəsinin artıb-azalması ilə bağlı tədqiqat işləri aparılmalıdır".
Aytəkin TOFİQQIZI













