Regionlarda yeni iş yerləri yaradılmasa, insanlar yenə Bakıya üz tutacaq - AÇIQLAMA 

 11:09 24.07.2026     653

"Regionlarda işsiz və işaxtaran şəxslər üçün onlayn və hibrid təlimlərin təşkili müsbət addımdır. Əmək bazarı sürətlə dəyişir və bir çox peşələr üzrə yeni bacarıqlara tələbat artır. Xüsusilə regionlarda yaşayan gənclərin keyfiyyətli təlimlərə çıxış imkanlarının genişləndirilməsi onların əmək bazarında rəqabət qabiliyyətini artıra bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli səsləndirdi.

Onun sözlərinə görə, bu təşəbbüsün effektivliyi yalnız təlimlərin keçirilməsi ilə ölçülməməlidir:

"Əsas məsələ həmin təlimlərin əmək bazarının real tələblərinə uyğun olmasıdır. Əgər tədris proqramları işəgötürənlərin ehtiyac duyduğu peşə və bacarıqlara uyğun hazırlanarsa, iştirakçıların məşğulluq imkanları da artacaq. Əks halda, təlimlər sadəcə statistikanı yaxşılaşdıran tədbir kimi qalacaq.

Onlayn və hibrid formatın üstünlüyü ondan ibarətdir ki, ucqar bölgələrdə yaşayan insanlar da paytaxta gəlmədən peşə hazırlığı keçə biləcəklər. Bu, həm vaxt, həm də maliyyə baxımından əlverişlidir. Ancaq bunun üçün regionlarda internet infrastrukturunun, rəqəmsal savadlılığın və texniki imkanların kifayət qədər inkişaf etmiş olması da vacib şərtdir".

Akif Nəsirlinin fikrincə, regionlarda işsizliyin azalması isə təkcə təlimlərlə mümkün deyil:

"Təlim alan şəxslərin işləyə biləcəyi yeni müəssisələr, investisiya layihələri və biznes mühiti də formalaşdırılmalıdır. Əgər bölgələrdə yeni iş yerləri yaradılmırsa, insanlar peşə qazansalar belə, ya iş tapa bilməyəcək, ya da yenə Bakıya və ya xarici ölkələrə üz tutacaqlar.

Bu baxımdan, təlim proqramları regional iqtisadi inkişaf siyasəti ilə paralel həyata keçirilməlidir. Təlim, məşğulluq və investisiya arasında əlaqə qurulacağı təqdirdə bu təşəbbüs regionlarda işsizliyin azalmasına və insan kapitalının inkişafına real töhfə verə bilər. Əks halda, təkcə təlimlərin keçirilməsi problemin köklü həlli üçün kifayət etməyəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən