Bakını vuran güclü küləklərin sirri: Xəzri niyə məhz indi güclənib?
Hazırda Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Maraqlıdır, bəs iyul ayının sonuna yaxın zamanda bu cür küləkli havanın səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Sadiq Həsənov bildirdi ki, Bakı və Abşeron yarımadasında küləklərin qışda, yayda və yaxud yaz və payızda olmasının xüsusi fərqi yoxdur. Onun sözlərinə görə, Bakıda, Abşeron yarımadasında və ümumən Xəzər dənizi ətrafında bu cür küləklər daim olur.
Müsahibimiz küləklərin yaranma səbəblərindən də danışdı:

"İlk olaraq temperatur fərqi yaranır. Məsələn, Günəşdən düşən enerji yeri bir cür qızdırır. Yer tez qızır, tez soyuyur. Suyu isə bir cür qızdırır: su gec qızır, gec soyuyur. Yəni burada temperatur fərqi yaranır. İkinci isə təzyiq fərqi yaranır. Məsələn, normal atmosfer təzyiqini 1 götürsək, bunu 1000 millibarla ifadə etsək, onda təzyiq fərqi belə olur: məsələn, şimalda, Qazaxıstan və Rusiya istiqamətində bu, 1030–1035 millibar olur. Bakıda isə bu, 1005, 1007, 1008 millibar ola bilir. Bu cür küləklərin yaranmasının əsas səbəbi kimi bunu göstərə bilərik. Havada, atmosferdə yaranmış bu fərq 0,3 millibar, 3–5 millibar və yaxud 10 millibara qədər olarsa, bu, çox güclü külək yarada bilir.
Bu cür güclü küləklər Xəzri küləkləridir, şimaldan əsir. Rusiyadan, Rusiya–Qazaxıstan arasında olan, dəniz səthində yaranan bu təzyiq fərqi küləyin yüksək təzyiqdən, şimaldan cənuba doğru əsməsinə səbəb olur. Bunun nəticəsində də bu cür küləklər yaranır. Burada Xəzər dənizinin xüsusi rolu var. Çünki Xəzər dənizi uzununa yerləşdiyinə görə bu küləklər şimaldan cənuba doğru gedir, Xəzri küləkləri əsir. Eyni zamanda, cənubdan şimala doğru Gilavar küləkləri var ki, bunlar əsasən Bakı üçün xarakterik olan küləklərdir. Bir də relyefə uyğun olaraq Abşeron küləkləri əsir ki, bu da Bakı şəhərinin, Abşeronun relyefinə uyğun olaraq formalaşır".
Sadiq Həsənov qeyd etdi ki, xüsusilə qış aylarında daha soyuq küləklər gəlir.
"Əsasən rütubətli hava şimaldan və şimal-qərbdən əsdiyinə görə Böyük Qafqaz sıra dağları həmin küləklərin qarşısını kəsir. Küləklər Xəzər dənizinin şimal hissəsinə sıxılaraq dar bir keçiddən keçməklə yüksək metr/saniyə ilə ölçülür. Bu, 30–35 metr/saniyəyə qədər yüksələ bilir və sürətlə Xəzər dənizinin istiqaməti boyu cənub istiqamətinə doğru hərəkət edərək belə hava şəraiti yarada bilir. Bu havaların yaranmasının əsas səbəbi təzyiq fərqi, temperatur fərqidir.
Bilirik ki, neçə müddətdir Bakıda havalar isti keçir. Hava isti olanda da temperaturda, həm torpağın qızmasında, həm də suyun qızmasında fərq yarandığına görə bu cür küləklər yaranır. Temperaturda nə yaranır? Hava qızır, havanın rütubətli hissəsi daha yuxarı qalxır, aşağıda isə hava yüngülləşir. Su ilə torpaq arasında yaranan fərq nəticəsində küləklər formalaşır. Küləklərin əsas yaranma səbəbi bunlardır. Bu cür küləklərin əsməsi yayda da normal hal sayıla bilər. Bakı, Abşeron və ümumiyyətlə, Xəzər dənizi ətrafında olan ölkələr üçün bu, normal sayıla bilər.
Xəzri küləkləri, şimal küləkləri cənuba doğru istiqamət alaraq İranın cənubunda Elburz dağları ilə qarşılaşırlar və ona çırpılaraq geridən-geri qayıda bilirlər. Yəni bu iki dağ silsiləsi: Böyük Qafqaz sıradağları və cənubda Elburz dağları Bakı, Abşeron yarımadasında, ümumiyyətlə, Xəzər dənizi ətrafında olan ölkələrdə iqlimi, ekoloji mühiti və küləkləri müəyyən edirlər", - deyə ekoloq izah etdi.
Aytəkin TOFİQQIZI













