Külək ağacı avtomobilinizin üzərinə aşırdı? – Sığorta bunun pulunu ödəyirmi?
Ötən gün müşahidə olunan güclü külək nəticəsində bəzi avtomobillərə ziyan dəyib.
Maraqlıdır, güclü külək səbəbindən ağacın avtomobilin üzərinə aşaraq ona zərər vurması halında dəymiş ziyan sığorta tərəfindən qarşılanırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperi Nicat Əlibəyli bildirdi ki, güclü külək nəticəsində ağacın avtomobilin üzərinə aşması və nəticədə maşına ziyan dəyməsi halları sığorta tərəfindən qarşılana bilər, lakin bu, sahib olduğunuz sığorta növündən birbaşa asılıdır.
"Əgər avtomobilinizdə KASKO sığortası (könüllü avtomobil sığortası) mövcuddursa, təbii fəlakətlər, o cümlədən güclü külək, tufan və kənar əşyaların maşının üzərinə düşməsi nəticəsində dəyən zərərlər tam şəkildə qarşılanır. Adətən KASKO paketlərinin əksəriyyətinə bu cür risklər daxildir. Lakin qanunvericiliyə əsasən tələb olunan icbari sığorta (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti) yalnız yol-nəqliyyat hadisəsi zamanı başqasının əmlakına vurduğunuz zərəri ödəyir. Təbii fəlakət və ağac düşməsi kimi hallar icbari sığortanın əhatə dairəsinə aid deyil, buna görə də yalnız icbari sığortanız varsa, bu zərəri sığortadan tələb edə bilməzsiniz", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













