Panik atak keçicidir, yoxsa xroniki? - Psixoterapevtdən AÇIQLAMA
Bildiyimiz kimi, son illərdə panik atak sindromundan əziyyət çəkən insanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu problem artıq təkcə müəyyən yaş qruplarını deyil, müxtəlif yaşda və peşədə olan insanları da əhatə edir.
Bəs panik atak keçici bir vəziyyətdirmi, yoxsa bu, insanın həyat boyu mübarizə apardığı xroniki bir problemə çevrilə bilər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Redaktor.az-a açıqlamasında bildirdi ki, panik atak keçici bir prosesdir və müalicə ilə sağala bilən bir pozuntudur:
"Müalicə olunmadıqda bəzi insanlarda təkrarlana, gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Düzgün yanaşma sayəsində isə əksər insanlar panik atakları nəzarət altına alır, normal həyatlarına rahatlıqla davam edə bilirlər".
Müsahibimiz əlavə etdi ki, panik atak zamanı yaranan güclü qorxu, ürək döyüntüsü, nəfəs darlığı, başgicəllənmə kimi əlamətlər olduqca narahatedici görünsə də, həyat üçün təhlükəli deyil:
"Bu əlamətlər müşahidə edildikdə özbaşına mübarizə aparmaq əvəzinə psixi sağlamlıq üzrə mütəxəssisə müraciət etmək vacibdir. Erkən diaqnoz, fərdi ehtiyaclara uyğun müalicə və psixoloji dəstək tutmaların tezliyini və şiddətini azaltmağa, insanın gündəlik həyat keyfiyyətini bərpa etməyə kömək edir".
Xədicə BAXIŞLI













