Bakıda evlərin qiyməti niyə ucuzlaşmır? - Əsas səbəb AÇIQLANDI
"Ölkədə, xüsusən Bakı şəhəri kimi böyük şəhərlərdə daşınmaz əmlaka, yaşayış sektoruna tələbat ilbəil artır, azalmır. Artan tələbatın fonunda yeni ərsəyə gələn yaşayış binaları olduqca azdır. Nəzərə alsaq ki, böyük şəhərlərin təbii artımı, ilbəil yüksələn urbanizasiya (regionlardan gələn axın) prosesi var və bunun fonunda son 5 il ərzində inşa olunan yeni yaşayış komplekslərinin sayı azalmağa doğru gedir. Yəni 10 il qabaqkı dövrlə indiki dövr arasında 8-10 dəfə fərq var".
Bu sözləri Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirdi.
Onun sözlərinə görə, 2016-cı ildə il ərzində 100-ə yaxın yaşayış kompleksi tikilməyə başlayırdısa, indi isə bu göstərici il ərzində 10-dan çox deyil:

"Bu, çox böyük bir göstəricidir ki, bunun nəticəsində tikinti şirkətləri arasında rəqabət də azalır. Bazara çıxarılan daşınmaz əmlakın həcmi də azalır. Rəqabətin pozulması fonunda qiymətlər də dayanmadan artır. Üstəlik, şəhərin bir çox yerləri söküntüyə məruz qalır. Yəni köhnəlmiş yaşayış fondu sökülür. Onun yerində hələlik nəhəng yaşayış komplekslərinin tikintisi azlıq təşkil edir.
Buna görə də qiymətlərin hələ də yüksək səviyyədə qalması qaçılmazdır. İstisna hal az tələb olunan, çox baha əmlaklardan söhbət gedir. Dəyəri bir neçə yüz mindən yuxarı olan, hətta mən deyərdim ki, dəyəri yarım milyondan yuxarı olan əmlakların qiyməti müəyyən qədər düşə bilər. Amma dəyəri 300-350 minə qədər olan əmlaklara tələbat yüksəkdir və onların qiymətinin düşməsi yaxın bir il ərzində gözlənilmir".
Aytəkin TOFİQQIZI













