"Uşaq ağlayanda hər istədiyini vermək düzgün deyil" - Psixoloq

 15:16 31.07.2026     391

“Uşağı tərbiyə edərkən dediyimiz sözlərdən, göstərdiyimiz yollardan daha çox, uşaqlar bizi kopyalayırlar. Yəni biz hansı davranışı sərgiləyiriksə, o, uşaq üçün bir nümunəyə çevrilir və o da həmin nümunədən yola çıxır. Bir insan, bir ana olaraq, bətnimizdə övladımızı böyütdüyümüz zamandan etibarən artıq onun xüsusiyyətlərinin, xasiyyətinin və xarakterinin formalaşmasına təsir göstəririk. Təəssüf ki, bununla bağlı kifayət qədər məlumatlı deyilik. Amma ümid edirəm ki, daha çox məlumatlanacağıq. Çünki uşağın xarakterinin əsas hissələrinin, bazasının formalaşması hamiləlik dövründən başlayır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova səsləndirdi.

Müsahibimiz əlavə etdi ki, uşaqların ağlaması və ona veriləcək reaksiya ilə bağlı illərdir, hətta nəsillər boyu çoxlu fikirlər səsləndirilib:

“Atalar sözləri, zərb-məsəllər və müxtəlif yanaşmalar ortaya qoyulub. Hər kəs bu mövzuda öz bildiyini deməyə çalışıb. Bəs ağlamaq nədir? Ağlamaq reaksiyadır, bir təzahürdür. Bu, istər mənəvi, istərsə də fiziki diskomfortun ifadəsidir. Uşaq hər hansı narahatlıq yaşayırsa, bunu ağlamaqla ifadə edə bilir. Əlbəttə ki, uşaqların yaş dövrləri fərqlidir. Biz burada yeni doğulmuş körpələrdən danışmırıq. Müəyyən dərəcədə düşünə, danışa və fikrini ifadə edə bilən, yəni 3 yaşdan yuxarı uşaqlardan söhbət gedir. 3 yaşa qədər formalaşan bir məqam var ki, uşaq ağlayanda biz ona daha çox reaksiya veririk. Bu da onun üçün bir tətikləyiciyə çevrilir. Yəni uşaq düşünür ki, ağlayanda mənə baxacaqlar, mənə reaksiya verəcəklər, mənimlə maraqlanacaqlar və ya məni ovudacaqlar. Ona görə də əgər bu ağlama reaksiyasını, ağlama tərzini və ya ağlama üsulunu bəyənmiriksə, əvvəlcə düşünməliyik ki, burada harada yanlışlığa yol vermişik. Daha çox belə qəbul etmişik ki, uşaq ağlayırsa, deməli, ona nəsə lazımdır. Bu isə bir qayda, bir şablon kimi uşağın yaddaşında həkk olunur”.

Onun sözlərinə görə, yeniyetməlik dövründə, bəzən gənclik çağında, hətta ömrünün sonuna qədər insan bu düşüncə ilə hərəkət edir ki, mən ağlayanda mənə diqqət göstərirlər.

“Ümumiyyətlə, uşağın ağlamasına və ya istəklərinə münasibətdə mövqeyimiz birmənalı olmur. Daha çox onu susdurmaq üçün nələrsə etməyə çalışırıq. Məqsədimiz susdurmaq olduğu üçün də yalnız bunu təmin edə biləcək alternativləri görürük. Halbuki burada etməli olduğumuz əsas iş uşaqda diskomfort yaradan tətikləyiciləri müəyyənləşdirməkdir. Uşağın nədən tətikləndiyini tapa bilsək, düşünürəm ki, daha uğurlu nəticələr əldə edə bilərik”, - deyə psixoloq yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən