Bakıda niyə sürücülük təlim meydançaları yoxdur? - Ekspert səbəbləri AÇIQLADI

 12:40 03.08.2026     404

Sürücülük hüququ almaq istəyənlərin və nəqliyyat vasitələrinin sayı ilbəil artsa da, təhlükəsiz və standartlara cavab verən təlim meydançalarının çatışmazlığı bu gün nəqliyyat sektorunun ən qabarıq infrastruktur problemlərindən birinə çevrilib.

Bəs maraqlıdır, sürücülük təlimi meydançaları niyə yoxdur?

Bu barədə Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, sürücülük təlimi meydançalarının çatışmazlığının əsas səbəbi bu sahəyə uzun illər sistemli yanaşmanın formalaşmamasıdır:

"Sürücü hazırlığında nəzəri və praktiki təlimin keyfiyyətinə diqqət yetirilsə də, bunun üçün zəruri olan müasir təlim infrastrukturu eyni tempdə inkişaf etməyib. Digər mühüm səbəb torpaq və maliyyə məsələsidir. Standartlara cavab verən təlim meydançasının yaradılması üçün geniş ərazi, xüsusi örtük, yol nişanları, nişanlanma xətləri, işıqforlar, yoxuş, parkinq elementləri və digər tədris avadanlıqları tələb olunur".

Müsahibimiz qeyd etdi ki, böyük şəhərlərdə, xüsusilə Bakıda torpaq qiymətlərinin yüksək olması və belə layihələrin böyük investisiya tələb etməsi özəl sektorun bu istiqamətdə marağını azaldır:

"Bundan başqa, təlim meydançalarının yaradılması ilə bağlı vahid dövlət standartlarının tətbiqi və bu standartlara nəzarət mexanizmi də kifayət qədər inkişaf etməyib. Nəticədə bəzi sürücülük məktəbləri praktiki təlimləri birbaşa şəhər yollarında keçirməyə üstünlük verir ki, bu da həm təlim alan şəxs, həm də digər yol hərəkəti iştirakçıları üçün əlavə risk yaradır. Halbuki beynəlxalq təcrübədə sürücülük təliminin ilk mərhələsi mütləq qapalı təlim meydançasında keçirilir. Namizəd əvvəlcə avtomobili idarə etməyin əsas bacarıqlarını – hərəkətə başlama, dayanma, manevr etmə, parkinq, geriyə hərəkət və digər elementləri təhlükəsiz şəraitdə mənimsəyir, yalnız bundan sonra real yol hərəkətinə buraxılır".

Нет описания фото.

Ekspertin fikrincə, bu problemin həlli üçün dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində regionlar üzrə müasir, vahid standartlara uyğun sürücülük təlim mərkəzləri yaradılmalıdır:

"Bu, həm sürücü hazırlığının keyfiyyətini yüksəldər, həm yol hərəkəti təhlükəsizliyinə müsbət təsir göstərər, həm də gələcəkdə yol-nəqliyyat hadisələrinin azalmasına töhfə verər. Təhlükəsiz sürücülük ilk növbədə təhlükəsiz təlim mühitindən başlayır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən