Sürücüsüz avtobus və qatarlar Azərbaycana gəlir - Ekspert yenilikdən DANIŞDI

 11:19 04.08.2026     777

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub. Bu dəyişikliklər xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz avtobusların, sürücüsüz metro qatarlarının, logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərən avtonom yük nəqliyyat vasitələrinin, uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla istismarına imkan yaradacaq.

Yeniliyin əhəmiyyəti haqqında Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, bütün yenilikləri müsbət dəyərləndirir:

"Ölkənin müxtəlif sahələrində inkişaf prosesləri gedir. Bu, nəqliyyata təsir etməyə bilməz. Nəyə görə nəqliyyata təsir etməyə bilməz? Çünki nəqliyyat əhali arasında ən sıx təmasda olan və birbaşa əhali ilə çalışan bir funksional mərkəzdir. Yəni nəqliyyatda bütün ictimai insanlar iştirak edə bilərlər. İctimai nəqliyyat olduğu üçün sosial durumundan, vəzifəsindən asılı olmayaraq şəxslər istifadə edirlər.

Dünyaya baxsaq, görəcəyik ki, dünyanın ayrılmaz, parçalanmaz bir hissəsindən, həssas regionlarından biriyik. Onun üçün də bizim regionun inkişafı sürətli dünya inkişafına, intellektual idarəetməyə, ağıllı sistemlərə və yaxud məntiqi, səlis nəzəriyyəsi ilə çalışan funksional inkişafa qatılmalıdır".

O vurğuladı ki, metro qatarlarının, xüsusən toqquşmayan, yəni yol həddi predmeti, digər nəqliyyat vasitələri ilə toqquşmayan, çarpazlaşmayan nəqliyyat vasitələrinin istifadə edilməsi daha yaxın perspektivdə görsənir:

"Bugünkü gündə metrolarda sükan mexanizmində insan faktorunun olmaması dünya ölkələrinin azı bir neçəsində mövcuddur. İntellektual idarəetmə mərkəzi ilə birbaşa bağlı olan və ağıllı sistemlər vasitəsilə idarə olunan nəqliyyat qovşaqları yaranıb. Bu cümlədən biz gələcəkdə, yaxın zamanlarda tramvay, trolleybusları Bakıda görmək istəyirik və bununla bağlı layihələr işlənilir. Dünyanın inkişaf etmiş mühüm ölkələrində, Amerika Birləşmiş Ştatlarında, Çində, Yaponiyada və digər inkişaf etmiş ölkələrdə artıq avtonom nəqliyyatın sürətli inkişafı gedir. Biz də bu sürətli inkişafa qoşulmalıyıq. İnfrastruktura müəyyən dəyişikliklər etməklə bunu başa çatdırmaq olar. Bu gündən sonra biz şəhərimizdə avtonom nəqliyyatın sürətli inkişafını görəcəyik. Bu da öz-özlüyündə intellektual sistemlərə inteqrasiyanı gücləndirəcək".

Onun sözlərinə görə, yeniliyin özü də xüsusi olaraq bir inkişaf üçün stimul yaradır:

"Çünki bildiyimiz kimi, aqrar sənayenin və təhsilin inkişafı və s. getdiyi kimi, nəqliyyatın inkişafı da bu paralelliyi özündə qorumalıdır. Yəni sahənin biri inkişaf edib, digəri inkişaf etməyəcək deyə bir anlayış yoxdur. Ya inkişaf gedirsə, hamısında bərabər gedir, getmirsə də, hamısında getməməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən