"Uşaqların dünyagörüşünü artıq sosial şəbəkələr formalaşdırır" - Deputat

 15:10 06.08.2026     786

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişiklikləri imzalayıb.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, qanunlarda edilmiş dəyişiklikləri imzalanması ilə uzun illərdir həyatımıza daxil olan sosial şəbəkələr və orada əldə olunan informasiya mühiti ilə bağlı Azərbaycanda yeni hüquqi münasibətlər formalaşdı və yeni qanunlar qüvvəyə minmiş oldu.

"Bu, olduqca mühüm bir hadisədir. Çünki biz uşaqları və yeniyetmələri zərərli informasiyalardan qoruyacağıq, onların intellektual keyfiyyətlərinin daha obyektiv əsaslarda formalaşmasına yardım etmiş olacağıq. Eyni zamanda Azərbaycan əleyhinə fəaliyyət göstərən manipulyativ informasiyalara məhdudiyyətlər gətirə biləcəyik. Bunların hər biri ayrılıqda çox vacibdir. Çünki hazırkı tarixi mərhələdə uşaqların şəxsiyyətə çevrildiyi prosesdə valideynlərdən daha çox sosial şəbəkələr iştirak edir. Ətraf mühitdən daha çox uşaqların dünyagörüşü virtual məkanda formalaşır. Bu isə hələ idraki göstəriciləri tam formalaşmamış yeniyetmələrdə milli özünüdərki, milli kimlik identikliyini məhdudlaşdıra bilər. Ona görə mən düşünürəm ki, bu, çox vacib bir məsələdir".

Millət vəkilinin sözlərinə görə, cərimələr sadəcə çəkindirmə vasitəsidir:

"Məqsəd cərimə deyil. Məqsəd nədən ibarətdir? Gənc nəslin qorunması, Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsidir. Cərimələrin tətbiqi isə bu məqsədə çatmaq üçün bir vasitədir. Yəni, bu cərimələrin çəkindirici təsiri olmalıdır və mən düşünürəm ki, qəbul edilmiş bu qanun qısa müddətdə və orta müddətdə artıq öz səmərəsini verəcək. Nəticə etibarilə demək olar ki, qanun ümumməcburi davranış qaydasıdır, dövlət tərəfindən müəyyənləşdirilir və hər kəs buna əməl etməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən