"Məsələ yalnız platformaların məsuliyyəti deyil" - Cərimələrlə bağlı ekspertdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Redaktor.az-a danışan media eksperti Səbinə İzzətli hesab edir ki, qanun qüvvəyə mindikdən sonra cərimələrin tətbiqi müəyyən mənada çəkindirici təsir göstərə bilər:
"Ancaq məsələyə yalnız inzibati məsuliyyət prizmasından yanaşmaq kifayət deyil. Sosial şəbəkələr qlobal platformalardır və yaş məhdudiyyətinin effektiv tətbiqi üçün onların texniki imkanları, dövlət qurumları ilə əməkdaşlığı və etibarlı yaş təsdiqləmə mexanizmləri mühüm rol oynayır".
Onun sözlərinə görə, bu məsələ təkcə platformaların məsuliyyəti deyil:

"Valideyn nəzarəti və uşaqların rəqəmsal savadlılığının artırılması da eyni dərəcədə vacibdir. Qanunda platformalara bu mexanizmlərin yaradılması üçün keçid müddətinin nəzərdə tutulması da göstərir ki, təkcə cərimə tətbiqi deyil, texniki hazırlıq da vacib hesab olunur. Yalnız bütün bu amillər birgə işlədikdə qəbul edilən dəyişikliklərin real nəticə verəcəyini düşünürəm".
Aytəkin TOFİQQIZI













