"Metro məhdudiyyəti bütün şəhər nəqliyyat sistemi üçün ciddi sınaq olacaq" - Ekspert
Məlum olduğu kimi, avqustun 15-dən etibarən Bakı metrosunun bəzi istiqamətlərində qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bu dəyişiklik minlərlə sərnişinin alternativ nəqliyyat vasitələrindən istifadə etməsinə səbəb olacaq. Belə bir şəraitdə şəhərdə ictimai nəqliyyatın yükünün əhəmiyyətli dərəcədə artacağı, bunun isə tıxac problemini daha da dərinləşdirəcəyi gözlənilir.
Bəs artacaq sərnişin axını fonunda tıxacların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev hesab edir ki, avqustun 15-dən etibarən metronun “Nizami”–“28 May” istiqamətində hərəkətin müvəqqəti dayandırılması şəhərin nəqliyyat sisteminə ciddi təsir göstərəcək:
"Xüsusilə sentyabr ayında məktəblərin və universitetlərin açılması ilə sərnişin axını daha da artacaq. Bu səbəbdən təkcə əlavə avtobusların xəttə buraxılması kifayət etməyəcək, kompleks nəqliyyat idarəetmə tədbirləri görülməlidir. İlk növbədə metroya alternativ olaraq təşkil ediləcək ekspres avtobus marşrutlarının sayı və hərəkət tezliyi artırılmalıdır. Bu avtobuslar yalnız həmin istiqamətdə işləməli, xüsusi avtobus zolaqlarından istifadə etməli və digər nəqliyyat vasitələrinin həmin zolaqlara daxil olmasına ciddi nəzarət edilməlidir. Əks halda avtobuslar da ümumi tıxacda qalacaq və gözlənilən nəticə əldə olunmayacaq. Digər mühüm məsələ işıqforların adaptiv rejimdə idarə olunmasıdır. Pik saatlarda avtobusların və əsas nəqliyyat axınının hərəkət etdiyi küçələrdə işıqfor fazaları real vaxt rejimində tənzimlənməli, zərurət olduqda bəzi küçələrdə hərəkət istiqamətləri müvəqqəti optimallaşdırılmalıdır. Bununla yanaşı, dövlət və özəl müəssisələrdə çevik iş saatlarının tətbiqi də ciddi nəticə verə bilər. Əgər bütün insanlar eyni saatda işə başlamasa, nəqliyyat yükü gün ərzində daha bərabər paylanar və pik saatlardakı sıxlıq azalardı.
Şəxsi avtomobildən istifadənin azaldılması da vacibdir. Vətəndaşlar imkan daxilində ictimai nəqliyyata üstünlük verməli, eyni istiqamətdə gedən şəxslər bir avtomobildən birgə istifadə etməli, qısa məsafələrdə isə piyada və ya mikromobillik vasitələrindən yararlanmalıdırlar. Eyni zamanda, yol polisi və aidiyyəti qurumlar əsas magistrallarda, xüsusilə “20 Yanvar”, “İnşaatçılar”, “Nizami”, “28 May” və şəhər mərkəzi istiqamətlərində operativ nəzarəti gücləndirməli, ikinci cərgədə dayanma, qanunsuz parklanma və yol hərəkətini ləngidən pozuntulara qarşı daha sərt tədbirlər görməlidirlər. Çünki bəzən bir avtomobilin düzgün dayanmaması yüzlərlə nəqliyyat vasitəsinin hərəkətinə mane olur. Nəticə etibarilə, bu dövr təkcə metro deyil, bütün şəhər nəqliyyat sistemi üçün ciddi sınaq olacaq. Problemin minimuma endirilməsi yalnız avtobus sayının artırılması ilə deyil, ağıllı nəqliyyat idarəetməsi, operativ koordinasiya, sərnişinlərin düzgün istiqamətləndirilməsi və sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə mümkün olacaq. Bu tədbirlər vaxtında və koordinasiyalı şəkildə həyata keçirilərsə, yaranacaq tıxacların təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".
NURİYYƏ













