"Xətlər ayrılmasa, metronun inkişafı mümkün olmayacaq" - Nəqliyyat eksperti
Məlum olduğu kimi, avqustun 15-dən etibarən Bakı metrosunun bəzi istiqamətlərində qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bu səbəbdən minlərlə sərnişin alternativ nəqliyyat vasitələrindən istifadə etməyə məcbur qalacaq. Nəticədə şəhərdə ictimai nəqliyyatın yükünün artacağı, bunun isə tıxac problemini daha da dərinləşdirəcəyi gözlənilir.
Digər tərəfdən, bu dəyişiklik sərnişinlərin gündəlik nəqliyyat xərclərinə də təsir edəcək. Belə ki, əvvəllər metrodan istifadə etməklə 60 qəpik ödəyən vətəndaşlar indi alternativ avtobus marşrutlarından yararlandıqları halda eyni məsafə üçün daha çox vəsait xərcləməli olacaqlar. Bir çox hallarda gediş haqqı 1,20 manata və ya daha artıq məbləğə başa gələcək. Nəzərə alsaq ki, təmir işlərinin təxminən 11 ay davam edəcəyi gözlənilir, bu, xüsusilə hər gün ictimai nəqliyyatdan istifadə edən vətəndaşların aylıq nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Bəs yaranacaq tıxacların qarşısını almaq, həmçinin sərnişinlərin vaxt və maliyyə itkilərini minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, bu xətlərin ayrılması vacib prosesdir:
"Çünki xətlər bir-birindən ayrılmasa, intervalları azaltmaq və metropolitenin inkişafına nail olmaq çətin olacaq. Hazırda "Dərnəgül" istiqamətindən və "İçərişəhər" istiqamətindən gələn qatarlar "28 May" stansiyasında bir-birini gözləmək məcburiyyətində qalırlar. Eyni vəziyyət əks istiqamətdə də müşahidə olunur. Belə ki, "Həzi Aslanov"dan gələn qatarların biri "İçərişəhər"ə, digəri isə "Dərnəgülə" gedir. Qatarlar geri qayıdarkən də bir-birini gözləməli olurlar. Bu isə ümumi intervalın azaldılmasına imkan vermir. Buna görə də "İçərişəhər" "Həzi Aslanov" istiqaməti ayrıca xətt üzrə fəaliyyət göstərməlidir. Biz buna qırmızı xətt deyirik. Digər istiqamət isə "Xətai" stansiyasından "Dərnəgül"ə qədər uzanan yaşıl xətt olmalıdır. Bu xətlər ayrılmalıdır. Məhz buna görə də hazırda bu proses həyata keçirilir.
Təbii ki, müəyyən çətinliklər olacaq. Həm metrodan istifadə edən sərnişinlər, həm də digər nəqliyyat vasitələri bunun təsirini hiss edəcəklər. Metronun yükünün bir hissəsi avtobuslara və digər ictimai nəqliyyat vasitələrinə yönələcək. Nəticədə küçələrdə və avtobuslarda sıxlıq müəyyən qədər artacaq. Bu, təxminən 10-11 aylıq bir çətinlikdir. Bu tədbir vaxtında görülməsə, sonradan vəziyyət daha da mürəkkəbləşəcək. Ona görə də hamımız bu vəziyyətə hazır olmalıyıq. Mümkün qədər səfərlərimizi elə planlaşdırmalıyıq ki, "28 May" stansiyasında düşüb oradan "Gənclik" və ya "Nizami" istiqamətinə getmək məcburiyyətində qalmayaq. Daha məqsədəuyğun olar ki, sərnişinlər "Gənclik" və ya "Nəriman Nərimanov" stansiyalarında qatardan düşərək alternativ nəqliyyat vasitələrindən, avtobuslardan və digər marşrut xətlərindən istifadə etsinlər. Beləliklə, onlar "20 Yanvar" və "Dərnəgül" istiqamətlərinə daha rahat hərəkət edə bilərlər. Bu, çətin prosesdir və onu həyata keçirməyə məcburuq. Təbii ki, müəyyən müddət ərzində bunun yaratdığı narahatlıqlar olacaq".
NURİYYƏ













