Yeni tədris ili öncəsi kirayə evlərlə bağlı XƏBƏRDARLIQ – Qiymətlər artacaq

 13:41 07.08.2026     529

Hazırda ali məktəblərə qəbul və ixtisas seçimi prosesi davam etdiyi üçün kirayə mənzil bazarında da hərəkətlilik artmağa başlayıb. Xüsusilə bölgələrdən Bakıya təhsil almaq üçün gələcək tələbələrin ev axtarışına başlaması kirayə qiymətlərinə təsir edən əsas amillərdən biri hesab olunur.

Bəs, yeni tədris ili ərəfəsində kirayə mənzil bazarında qiymətlər daha da artacaqmı? Tələbə axını bazara necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, hər il avqust ayının sonundan başlayaraq sentyabr ayının sonuna qədər paytaxtın kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur:

"Bunun əsas səbəbi həmin aylarda bölgələrdən Bakıya təhsil almaq üçün gələn on minlərlə tələbənin kirayə mənzil axtarışında olmasıdır. Hazırda daşınmaz əmlak bazarında baş verən qiymət artımları kirayə mənzil bazarına da təsir göstərir. Mənzillərin satış qiymətlərinin yüksəlməsi onların kirayə haqlarının da artmasına səbəb olur. Digər tərəfdən, ali təhsil müəssisələrinin böyük hissəsinin Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşməsi həmin ərazilərdə kirayə mənzillərə tələbatı daha da artırır. Hazırda kirayə mənzillərin qiymətlərində müşahidə olunan ciddi artım səbəbindən tələbələr kirayə xərcini qarşılamaq üçün kiçik otaqlarda bir neçə nəfərlə birlikdə yaşamağa məcbur olurlar. Bu isə onların təhsilinə mənfi təsir göstərir. Digər tərəfdən, paytaxtın mərkəzinə yaxın ərazilərdə kirayə mənzillərin aylıq qiymətlərinin yüksək olması tələbələri Bakıətrafı ərazilərdə daha ucuz mənzillər kirayələməyə sövq edir. Nəticədə onlar gün ərzində bir neçə saatlarını yolda keçirir və əlavə nəqliyyat xərcləri ilə üzləşirlər. Təbii ki, tələbələrin vaxtlarının böyük hissəsini yollarda keçirməsi onların təhsilinə də ciddi mənfi təsir göstərir".

Onun sözlərinə görə, bir zamanlar ali təhsil müəssisələrinin və peşə məktəblərinin əksəriyyətinin yataqxanaları var idi:

"Lakin zaman keçdikcə həmin yataqxanaların qəzalı vəziyyətə düşməsi və istismara yararsız hala gəlməsi onların istifadəsini mümkünsüz edib. Hesab edirəm ki, vaxtilə mövcud olmuş tələbə yataqxanaları sökülərək onların yerində daha müasir, çoxmərtəbəli və geniş tutumlu yataqxanalar inşa olunarsa, bu, tələbələrin mənzil probleminin həllinə, vaxt itkisinin azalmasına və yol xərclərinin minimuma enməsinə ciddi töhfə verər. Tələbə yataqxanalarının yenidən tikilərək istifadəyə verilməsi kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsinə də müsbət təsir göstərə bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən