“Türkiyədə dəniz daha duzludur, ona görə az adam batır” - Ekoloqdan bu iddiaya CAVAB
Bu il dənizdə boğulma halları ilə bağlı xəbərlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Sosial şəbəkələrdə isə tez-tez Azərbaycan sahilləri ilə Türkiyədəki dənizlər müqayisə edilir və Türkiyədə suyun daha duzlu olmasının boğulma riskini azaltdığı iddia olunur.
Bəs, Xəzər dənizində suyun süni şəkildə duzlaşdırılması mümkündürmü? Bu, boğulma hallarının azalmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirdi ki, bu il suda batan insanların sayı çox oldu:
"Əvvəla, ona görə ki, onların böyük əksəriyyəti həm zaman, həm də şərait baxımından müəyyən qaydalara əməl etməyib. Hansı ölkədə o cür şəraitdə çimilərsə, orada mütləq insan tələfatı ola bilər. Bu vəziyyətin ən vacib şərti ondan ibarətdir ki, həmin qaydalara əməl olunmalıdır. Fövqəladə Hallar Nazirliyi oradakı təlimatların həyata keçirilməsinə son dərəcə diqqətlə yanaşmalı və onlara mütləq qaydada əməl olunmasını təmin etməlidir. Yerli hakimiyyət orqanları isə həm əhalinin təmizliyə, həm də çimərlikdən istifadə qaydalarına əməl etməsi ilə bağlı onları məlumatlandırmalıdır. Bilirsiniz, ona görə də bu məsələlərə ümumi kontekstdə baxanda görürük ki, suda batan insanların böyük əksəriyyətinin düşdüyü vəziyyət hansı ölkədə olursa-olsun, belə hadisələrə gətirib çıxara bilər. Hazırda Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi təlimatlara çox az yerdə əməl olunur və bu barədə bir çox insanın xəbəri yoxdur. Hətta bir çox ərazilər var ki, orada əhali üçün icazə verilməyən ərazilərdə və icazə verilməyən vaxtlarda çimən insanlar olub. Onların böyük əksəriyyəti qaydalara əməl etməyib. Bəzi rayonlarda çayda da batanlar olub".
Müsahibimiz vurğuladı ki, Türkiyə ilə bizim vəziyyətimizi müqayisə etmək olmaz:
"Suyun tərkibi, əvvəla, belədir: Xəzər dənizində duzluluğun ən yüksək göstəricisi, belə deyək, 14 promildir. Amma Türkiyədə bu göstərici 30-35 promil arasındadır. Lakin bu, insanın suda batmasının əsas səbəbi deyil. Türkiyədə də suda dayanan adam bata bilər, burada da bata bilər. Duzluluğun neçə promil olmasının bu baxımdan fərqi yoxdur. Dünyada suya batmayan yeganə hövzə varsa, o da İsraildə yerləşən Ölü dənizdir. Orada da duzluluq bizim dediyimiz göstəricidən 5-6 dəfə çoxdur. Bu, tamam ayrı məsələdir. Ona görə də günahı başqa yerdə yox, özümüzdə axtarmalıyıq. Mənə elə gəlir ki, əvvəlki vaxtlarla, keçən illərlə, hətta bir neçə il əvvəllə müqayisədə hazırda bizim çimərliklərdə vəziyyət həm təhlükəsizlik baxımından, həm onlardan istifadə baxımından, həm də sanitar-gigiyenik baxımdan qənaətbəxş deyil. Çimərliklər lazımi səviyyədə hazırlanmayıb. Gecə saat 12-də 3-4 nəfər uşaq gedib orada çimib batıbsa, bu, təkcə uşaqların günahı deyil. Yerli hakimiyyət orqanları onların həmin əraziyə daxil olmasına və orada çimməsinə icazə verməməli idi. Həmin çimərliyin qaydalarını hazırlayıb təlimat yazan şəxslər də öz təlimatlarına əməl olunmasına nəzarət etməli idilər. Cərimələr tətbiq olunmalı idi. Bunların heç biri həyata keçirilməyib. Elə bil ki, vəziyyət taleyin ixtiyarına buraxılıb və nəticədə də gördüyünüz kimi, belə faciələr baş verib".
O qeyd etdi ki, Türkiyənin çimərlik mövsümünə həm infrastrukturu, həm də hazırlığı baxımından bizim vəziyyətimizi müqayisə etmək olmaz. Türkiyəyə hər il milyonlarla turist gəlir. Hətta türklərin özlərinin də dediyi kimi, təxminən 50 milyon turist Türkiyəyə səfər edir. Onların böyük əksəriyyəti də bizim regiondan gedir və milyardlarla pul xərclənir.
"Rusiyanın özündən, səhv etmirəmsə, 10 milyon insan Türkiyəyə gedir. Onların hamısı milyardlarla vəsait deməkdir. Yaxşı olardı ki, biz də həmin infrastrukturu Türkiyə səviyyəsində yarada biləydik. Əlbəttə ki, turistlərin böyük əksəriyyəti daha mükəmməl, havası və iqlimi daha əlverişli olan Xəzər dənizinin sahillərində qalardılar. Bizim çimərliklərə gələr, burada qalardılar və həmin pulları da Azərbaycanda xərcləyərdilər. İndi vəziyyət belədir. Günahı axtarmaqdan daha çox, səhvləri görüb düzəltmək lazımdır. İndi necə olacaq, necə olmayacaq, o, sonrakı məsələdir. Mən belə başa düşürəm ki, günahın böyük əksəriyyətini özümüzdə axtarmalıyıq. Axtarmaqla yanaşı, buraxılan səhvləri görüb onları mütləq qaydada düzəltməliyik. Gələcəkdə də çalışmalıyıq ki, bu səhvlər təkrarlanmasın", - deyə Ə.Əliyev sonlandırdı.
NURİYYƏ













