Xəzərin suyunu duzlaşdırmaqla boğulmaların qarşısını almaq olar? - Ekoloqdan CAVAB
"Dünyanın ən duzlu dənizi, belə deyək, İsraildə yerləşən Ölü dənizdir. Ölü dənizdə də batma halları müşahidə oluna bilər. Burada dənizdə boğulma hallarını daha çox necə izah edim sizə? Bu, 99 faiz insanın özü ilə bağlı faktordur, nəinki dənizin duzluluğu ilə".
Bunu Redaktor.az-a Xəzərin duzluluğunu artırmaq boğulmaların qarşısını ala biləcək fikrini şərh edən ekoloq Amin Məmmədov bildirdi.
O bildirdi ki, boğulmaların bir neçə faktoru var:
"Məsələn, külək faktoru, fırtına faktoru da var. Dənizin dibində birdən-birə kəskin uçurum yarana bilər. Məsələn, dizə qədər olan suda birdən-birə dərinlik 3-4 metrə çata bilər. Hər cür faktor var. Amma duzluluğun burada heç bir rolu yoxdur. Xəzər dənizinin duzluluğunu artırmaq mümkün deyil. 380 milyon kub kilometr sudan söhbət gedir. Bunun duzluluğunu necə artırmaq olar? Xəzər qapalı hövzədir, okeana çıxışı yoxdur. Okean suyunun tərkibində duzluluq promil baxımından daha yüksəkdir. Xəzərdə isə duzluluq daha aşağı promildədir. Belə deyək, 100 litr suya müəyyən miqdarda duz düşür. Okeanda isə bu göstərici daha yüksəkdir, yəni 100 litr suya bir neçə qram duz düşür. Xəzərin duzluluğunu artırmaq üçün bunun üçün nə qədər milyardlarla vəsait xərcləmək, okean suyunu gətirib Xəzərə qatmaq lazımdır. Bunlar real ideyalar və fikirlər deyil. Həm də dənizdə boğulmalar suyun tərkibi ilə əlaqəli məsələ deyil".
NURİYYƏ













