“Marketlərdə malların 99 faizi temperatur rejiminə uyğun saxlanılmır” - Eyyub Hüseynov

 14:07 11.08.2026     697

Bəzi marketlərdə havanın temperaturu yüksək olsa da, soyutma sistemlərinin ya ümumiyyətlə işlədilmədiyi, ya da çox zəif rejimdə saxlanıldığı müşahidə olunur. Bu isə xüsusilə temperatur rejiminə həssas olan ərzaq məhsullarının saxlanma şəraitinə və keyfiyyətinə təsir göstərə bilər.

Bəs belə hallarda marketlər hansı temperatur rejiminə əməl etməlidir? Soyutma sisteminin lazımi səviyyədə işlədilmədiyini görən müştəri hara müraciət edə bilər? Market rəhbərliyi “kondisioner işləyir” deyərək məsuliyyətdən yayına bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, o, 4 il bundan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasında oluv və daim məsələ qaldırıb ki, marketlərdə olan soyuducuların monitorinqini aparılsın:

"Elektrik enerjisinə qənaət etmək üçün soyuducuları içərisində yerləşdirilən qidanın tələb etdiyi temperatur rejiminə uyğun tənzimləmirlər. Çox təəssüflər olsun ki, mənim ilk baxışda az əhəmiyyətli görünən, lakin istehlakçıların tədricən zəhərlənməsi nöqteyi-nəzərindən çox böyük məna kəsb edən bu çağırışıma cavab verilmədi. Bu kimi çox məsələlər var. İllər boyu bəzən marketlərə səhər-səhər girəndə insanı psixoloji olaraq narahat edən vəziyyətlə qarşılaşırdıq. Bu, o deməkdir ki, gecələr marketlər elektrik enerjisinə qənaət etmək üçün işıqları söndürürdülər. Lakin tədricən bu məsələ aradan qalxıb. Hazırda isə reallıq budur ki, bəzi marketlərdə malların, demək olar ki, 99 faizi rəflərdə olur və temperatur rejiminə uyğun şəraitdə saxlanılmır. Bu səbəbdən ərzaq məhsulları yararlılıq müddəti ərzində artıq təhlükəli məhsula çevrilə bilər".

O vurğuladı ki, hər bir məhsul soyuq zəncir üzrə fermadan və yaxud tarladan istehlakçıya çatdırılmırsa və bu zəncirin hər hansı mərhələsində pozuntu baş verirsə, məhsulun keyfiyyəti təhlükə altına düşür:

"Böyük bir zəncirin gücü onun bir həlqəsindədir. Həmin həlqə qırıldıqda artıq zəncir öz gücünü itirir. Yəni buna bənzər, bir qədər mübaliğəli misal çəkirəm. Soyuq zəncir prinsipi marketlərdə pozulursa, məhsullar yararlılıq müddəti ərzində yararsız hala düşə bilər. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlər arasında xüsusilə yoqurtlar, tez xarab olan xamalar və digər süd məhsulları ilə bağlı müraciətlərə rast gəlinir. Bəzi hallarda həmin məhsullar artıq kiflənmiş vəziyyətdə olur. Belə vəziyyət, əlbəttə, istehsalçılara da təsir edir. İstehsalçı marketlərin bu, belə demək mümkündürsə, qənaətindən xilas olmaq, malların xarab olmasının və geri qaytarılaraq zibilxanaya atılmasının qarşısını almaq üçün məhsulların tərkibinə stabilizatorlar və uzun müddət saxlanılmasını təmin edən müxtəlif kimyəvi maddələr əlavə etməyə məcbur olur.

Bütün bunları nəzərə alaraq görürük ki, market və anbar sahiblərinin bu qənaət tədbirləri əslində istehlakçıların sağlamlığı və həyatı bahasına başa gəlir. Bu, yolverilməzdir. Ona görə də çağırış edirəm: Qida Təhlükəsizliyi Agentliyi mütləq monitorinq aparmalı, qida satışı ilə məşğul olan obyektlərin temperatur rejimini yoxlamalı və bu barədə açıq mənbələrdə məlumat verməlidir. Harada hansı pozuntuların aşkar edildiyi ictimaiyyətə açıqlanmalıdır. Bu, çox vacib məsələdir və həll olunmalıdır. Bu işdə ictimai nəzarətin də böyük rolu var. Çox təəssüflər olsun ki, ictimai nəzarət adı altında müxtəlif təşəbbüslər olsa da, onların bir qismi əslində ictimai nəzarətlə məşğul olmur. Bəzən öz məqsədlərinə çatmaq üçün müəyyən addımlar atır, bəzən isə kimlərisə tərifləməklə məşğul olurlar. İnsanların ailəsinə, həyatına və uşaqlarına toxunan bu kimi məsələlər ictimai nəzarətdə olmalıdır. Vətəndaşlar dövlət orqanına, yəni Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat verməlidirlər ki, bu kimi məsələlər aradan qaldırılsın. Belə faktlar ölkədə mövcuddur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən