“Yüksək cərimələr sosial şəbəkələri daha məsuliyyətli davranmağa vadar edə bilər” - AÇIQLAMA

 16:14 11.08.2026     343

Azərbaycanda sosial şəbəkə platformalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı qanunla sosial şəbəkələrlə bağlı tələblərin pozulmasına görə yeni və yüksək məbləğlərdə inzibati cərimələr müəyyənləşdirilib. Dəyişikliklər, həmçinin uşaqların zərərli informasiyadan qorunmasına dair tələbləri də əhatə edir.

Yeni qaydalara əsasən, məlumatların aidiyyəti quruma təqdim edilməməsi, gecikdirilməsi, natamam və ya təhrif olunmuş məlumat verilməsi, eləcə də digər tələblərin pozulmasına görə ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Xüsusilə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının təhlükəsiz istifadəsi ilə bağlı tələblərin pozulmasına görə hüquqi şəxslər 35-40 min manatadək, pozuntunun bir il ərzində təkrar törədilməsi halında isə 45-50 min manatadək cərimələnə biləcəklər.

Bəs yüksək cərimələr sosial şəbəkə şirkətlərini daha məsuliyyətli davranmağa vadar edəcəkmi? Bu mexanizm uşaqları zərərli informasiyadan real olaraq qoruya biləcəkmi?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Redaktor.az-a açıqlamasında bildirdi ki, yüksək inzibati cərimələrin müəyyən edilməsi sosial şəbəkə platformalarının yerli qanunvericiliyin tələblərinə riayət etməsi və hüquqi məsuliyyəti hiss etməsi baxımından mühüm bir iqtisadi və rıçaq mexanizmidir:

"Qlobal texnologiya nəhəngləri (Meta, TikTok və s.) üçün bu məbləğlər maliyyə nöqteyi-nəzərindən böyük görünməsə də, rəsmi sanksiya riski onların ölkədəki nüfuzuna, fəaliyyət lisenziyasına və yerli bazardakı kommersiya maraqlarına birbaşa təsir göstərir. Bu səbəbdən cərimə mexanizmi platformaları yerli tənzimləyici qurumlarla aktiv dialoqa girməyə, Azərbaycan dili üzrə moderatorlaşdırma və kontent filtrləmə imkanlarını genişləndirməyə, eləcə də qanundan doğan yaş doğrulaması (Age Verification) sistemlərini operativ şəkildə inteqrasiya etməyə vadar edən effektiv bir həvəsləndirici (və ya çəkindirici) alətdir".

Onun sözlərinə görə, uşaqların zərərli informasiyadan real olaraq qorunması məsələsində isə təkbaşına cərimə mexanizmi tam həll yolu deyil, kompleks müdafiə zəncirinin hüquqi bəndidir:

"Maliyyə sanksiyaları platformaların texniki öhdəliklərini icra etməsinə təkan versə də, rəqəmsal mühitdə tam təhlükəsizliyi təmin etmək üçün texnoloji filtrlərin tətbiqi, əməliyyat sistemləri səviyyəsində valideyn nəzarəti alətlərinin aktivləşdirilməsi və cəmiyyətdə rəqəmsal savadlılığın artırılması paralel şəkildə yürütülməlidir. Yalnız hüquqi təzyiq, platformaların daxili alqoritmik filtrləri və valideynlərin ayıq-sayıqlığı bir araya gəldikdə azyaşlıların rəqəmsal təhlükəsizliyini real müstəvidə təmin etmək mümkün olacaqdır", - deyə Elvin Abbasov yekunlaşdırdı

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən