“Heç bir ekran göz təmasını əvəz edə bilməz” - Pedaqoqdan valideynlərə ÇAĞIRIŞ
Bu gün uşaqların böyük bir qismi telefon və planşetdən ayrılmaqda çətinlik çəkir. Xüsusilə erkən yaşlardan etibarən uşaqların vaxtının böyük hissəsini ekran qarşısında keçirməsi valideynlər arasında da narahatlıq yaradır.
Bəs uşaqların telefona və planşetə bu qədər bağlanmasına əsas səbəb valideynlərin yanaşmasıdır, yoxsa müasir həyat tərzi və cəmiyyətin yaratdığı şərait? Valideynlər uşaqlarda ekran asılılığının qarşısını almaq üçün hansı addımları atmalıdır? Körpələrin və azyaşlı uşaqların vaxtını telefon və planşetdən uzaq, daha faydalı və maraqlı oyunlar, yaradıcı fəaliyyətlər və digər məşğuliyyətlərlə keçirməsi üçün nələr etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə bildirdi ki, bu günün uşaqları texnologiyadan birbaşa asılı vəziyyətə düşüblər:
"Özüm uşaqlarla, yeniyetmələrlə işlədiyim üçün müraciətləri dəyərləndirərkən görürəm ki, həqiqətən texnologiyaya, telefona, planşetə asılılıq yaşayan uşaqların, yeniyetmələrin çoxu evdə dinlənilməyən, valideynlərinin onlarla birlikdə vaxt keçirmədiyi, valideynlə emosional bağı güclü olmayan uşaqlar və yeniyetmələrdir. Onlar bu boşluqları doldurmaq üçün artıq özlərini texnologiyanın bir növ əsirinə çeviriblər. Əlbəttə ki, burada birbaşa valideynin rolu çox önəmlidir. Çünki uşağın erkən yaşlarından valideynlə emosional bağlarının qurulması mərhələsi vardır ki, bu da 1-3 yaş arasını əhatə edir. Həmin dövrdə valideynlər uşaqları ilə bağlarını möhkəmləndirməkdən daha çox, uşaqların əlinə telefon verərək onlarla müəyyən mənada əlaqə qururlar. Uşaq darıxırsa, əlinə telefon verirlər, uşaq əsəbləşirsə, sakitləşməsi üçün telefon verirlər, uşaq ağlayırsa, yenə sakitləşməsi üçün valideyn onun əlinə telefonu, planşeti verir. Sonra biz görürük ki, həmin uşaqlar böyüyəndə, məktəbə gedəndə, universitet vaxtında, xüsusilə də yeniyetməlik dövründə emosiyalarını özləri idarə edə bilməyən uşaqlara çevrilirlər. Bu gün ekran asılılığı yaşayan yeniyetmələr ekranı özləri üçün, belə deyək, valideynlərindən qaçıb sığındıqları bir yer kimi görürlər. Bu, dediyim kimi, emosional bağların qurulduğu dövrdə valideynin özünün əvəzinə telefonu uşaqla daha çox təmas və ünsiyyət vasitəsinə çevirməsinin nəticəsidir".

Müsahibimizin sözlərinə görə, bunun nəticəsində uşaqların sosial bacarıqları zəifləyir:
"Uşaq saatlarla ekran qarşısında qalırsa, canlı ünsiyyət üçün daha az vaxt ayırır. Amma valideyn unutmamalıdır ki, heç bir ekran, heç bir telefon, planşet göz təmasını, birlikdə oyun oynamağı, paylaşmağı əvəz edə bilməz. Adi növbə gözləmək mədəniyyəti, hansısa bir mübahisəni həll etmək, səbrin formalaşması kimi çox xırda görünən, amma vacib məqamların hamısı valideynlə təmasda və onunla düzgün vaxt keçirildikdə formalaşır. Amma valideynlər bunu uşaqlarından məhrum edirlər. Bu gün uşaqlarda, xüsusilə yeniyetmələrdə özünü müqayisə və özünəinam problemi daha çox özünü göstərir. Özüm də işlədiyim uşaqlarda, xüsusilə yeniyetmələrdə bunu görürəm. Sosial şəbəkələrdə gördükləri, belə demək mümkündürsə, “ideal həyat”la özlərini daim müqayisə edirlər və “Niyə məndə yoxdur?” deyə hər zaman özlərini daha çox güvənsiz hiss edirlər. “Mən kifayət qədər uğurlu deyiləm, yaxşı deyiləm” düşüncəsinə qapılırlar və buna görə də daim bir növ sosial şəbəkələrin əsirinə çevrilirlər.
Ona görə də valideyn bu mənada çox diqqətli olmalıdır. Nəzarət gücləndirilməli, uşaqla vaxt düzgün keçirilməlidir ki, uşaqlar rəqəmsal texnologiyaların, dediyim kimi, əsirinə çevrilməsinlər. Təbii ki, texnologiyadan, telefonlardan düzgün istifadə olunarsa, uşağın öyrənməsinə, yaradıcı qabiliyyətlərinin inkişafına, hətta xarici dil öyrənməsinə və araşdırma bacarıqlarının formalaşmasına çox yaxşı töhfələri ola bilər. Amma nəzarətsiz və limitsiz istifadə səbəbindən uşaqlarda və yeniyetmələrdə psixoloji və emosional inkişafla bağlı ciddi narahatlıqlar yaranır, diqqət əskikliyi halları çoxalır. Məsələn, biz baxırıq ki, uşaqlar telefonda videoları daha çox dəyişməyi xoşlayırlar. Onlar bir neçə saniyədən bir videonu dəyişirlər və beyin də buna öyrəşir. Uşaq uzun müddət diqqət tələb edən fəaliyyətlərlə məşğul olmaqda sonradan çətinlik çəkir. Valideyn də başlayır düşünməyə ki, “Bu nədən qaynaqlanır? Mən uşağıma hər şeyi lazımınca verirəm”. Amma demək ki, uşaq üçün yetərli qədər vaxt ayrılmır".
"Uşaqlar telefonda bu qədər vaxt keçirirlərsə, valideynlər düşünür ki, niyə dərslərini düzgün oxumurlar, kitab oxumağa bu qədər vaxt ayırmırlar? Təbii ki, burada problem hansısa dərs vəsaitində və ya kitabda deyil. Beyin, dediyim kimi, o qədər sürətli stimullara öyrəşir ki, artıq digər fəaliyyətlər onun üçün çox rəngsiz görünür. Buna görə də uşaq digər fəaliyyətlərdənsə texnologiyanı, telefonu, planşeti seçməyə üstünlük verir. Bunun nəticəsində emosional idarəetmə də zəifləyir və uşaqlarımız hər mənada texnologiyadan, deyərdim ki, nə qədər istifadə etsələr də, elə texnologiyadan da geri qalırlar. O baxımdan valideyn burada birinci növbədə nəzarəti gücləndirməlidir. Texnologiyadan, telefondan, planşetdən limitli şəkildə istifadə olunmalıdır. Digər tərəfdən, valideyn telefonun uşağa verdiyindən daha çox öz təsirini gücləndirməlidir ki, emosional bağlar daha möhkəm və sağlam qurulsun. Beləliklə, uşaq sabah texnologiyadan nə qədər istifadə etsə də, həmin boşluğa düşüb yanlış addımlar atmasın", - deyə pedaqoq sonlandırdı.
NURİYYƏ













