“Valideynin ixtisas seçiminə müdaxiləsi uşağın özünəinamına mənfi təsir göstərir” - Psixoloq
Hazırda şagirdlər üçün ən stresli və həyəcanlı dövrlərdən biridir. Onlar gələcək həyatlarına və peşə seçimlərinə təsir edəcək universitet və ixtisas seçimlərinə hazırlaşırlar. Bu mərhələdə bəzi valideynlər övladlarının seçimlərinə müdaxilə edərək onların yerinə qərar verməyə çalışırlar.
Bəs valideynlər bu halda necə davranmalıdır? Övladlarına ixtisas və universitet seçimində tam sərbəstlik verməlidirlər, yoxsa onların qərarlarına müəyyən istiqamətdə müdaxilə etməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamverən psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, ağır imtahan mərhələsindən sonra sonuncu mərhələ ixtisas seçimidir:
"Təəssüf ki, bəzən valideynlər övladlarının seçim mərhələsinə müdaxilə edirlər. Bəzən yığdıqları balın kifayət etməməsi, bəzən isə əksinə, daha yüksək bal toplayan uşaqların seçimlərinə lazımi dəyər və hörmət göstərilməməsi səbəbindən onları öz fikirləri ilə yönləndirməyə çalışırlar. Amma əlbəttə ki, hər bir valideyn öz övladının potensialını yaxşı bilir və onun harada daha uğurlu ola biləcəyini anlayır. Düşünürəm ki, burada uşağın xarakteri, inkişaf səviyyəsi və psixi inkişafı çox önəmlidir. Elə uşaqlar var ki, onların savadı və elmə marağı güclü olur, amma bəzən seçim zamanı yanlışlığa yol verirlər. Belə halda valideyn övladına yardım edə, ona istiqamət verə bilər. Amma bəzi valideynlər öz arzuları və istəkləri naminə uşağın seçimlərinə müdaxilə edir, bu isə onlara mənfi təsir göstərir. Hətta yığdıqları bala uyğun düzgün universitet seçmələrinə belə mane ola bilirlər. Bəzən valideynlər “bu il qal, gələn il imtahan verərsən, bu ilki balın kifayət qədər olmadı” deyərək belə bir mövqe sərgiləyirlər. Əslində, uşağın istəyi ilə razılaşmadıqları üçün bu cür düşünə bilirlər. Bu isə mənfi nəticələrə səbəb olur və əlbəttə ki, uşağın özünəinamına mənfi təsir göstərir".
NURİYYƏ













