Təyyarədə uşağın qulağı tutulursa, nə etmək lazımdır? - Pediatr AÇIQLADI
"Uçuş zamanı, bildiyimiz kimi, təyyarənin enməsi, qalxması və turbulensiya zonasına daxil olması zamanı silkələnmə ola bilər. Bu, bəzi uşaqların, əsasən də kiçik yaşlıların qorxmasına səbəb olur. Ona görə uçuşdan öncə, əgər təyyarə ilə gedəcəksinizsə, müəyyən cizgi filmləri və ya videolar vasitəsilə uşağa təyyarədə hansı halların baş verə biləcəyini göstərə bilərsiniz. Təyyarənin qalxması və enməsi zamanı səs ola bilər, uşağın qulağı tutula bilər və bu, normal haldır. Turbulensiya zonasına daxil olduqda təyyarə silkələnə bilər, bu da normal haldır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı uşaqlarla səyahət zamanı nələrə diqqət edilməsi haqqında danışan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova dedi.
O vurğuladı ki, uşaq özü ilə sevdiyi oyuncağını və ya hər hansı sevdiyi əşyanı götürə bilər ki, belə hallarda özünü daha rahat hiss etsin:
"Yəni çalışaq, maksimal dərəcədə, uşağın alışdığı o mikroiqlimi özü ilə aparaq və onun üçün yüngül, rahat şərait yaradaq. Eyni zamanda, uçuşunuz iki saatdan çoxdursa, uşağın fikrini yayındırmaq üçün özünüzlə masaüstü oyunlar götürə bilərsiniz. Əgər uşaq doğrudan da qorxursa, bu oyunlar onun diqqətini başqa istiqamətə yönəldə bilər. Çalışın ki, bunlar uşağın evdə öyrəşdiyi oyuncaqlar olmasın, yeni bir oyuncaq və ya masaüstü oyun olsun. Uşağın həmin oyuna marağı çox olsun və fikri onunla məşğul olsun. Qulaq ağrısının olub-olmaması və belə halda nə etmək lazım olduğuna gəlincə, əlbəttə ki, atmosfer təzyiqindəki fərq səbəbindən qulaq ağrısı yarana bilər. Təyyarənin qalxması və enməsi zamanı, əgər körpəniz südəmər dövründədirsə, yəni 1 yaşına qədərdirsə və ana südü ilə qidalanırsa, mütləq əmizdirilməlidir. Ana südü ilə deyil, süni qida ilə qidalanırsa, sadəcə əmzik vermək kifayətdir".
NURİYYƏ













