"Ölkələrin bir-biri ilə əməkdaşlığı Xəzər dənizinin təmizlənməsinə şərait yaradacaq" - AÇIQLAMA 

 16:32 12.08.2026     561

Bu gün Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. 2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, konvensiyanın məzmunu Xəzər dənizinin çirklənməsinin qarşısını almaq, gəmilərin hərəkəti zamanı Xəzər dənizinin çirklənməsinə nəzarəti gücləndirmək, sahildən olan çirkab sularının dənizə axıdılmasının qarşısını almaq üçün tədbirlər görməkdən ibarətdir və bu istiqamətdə Xəzər dənizi ilə həmsərhəd olan beş ölkə özlərinə aid olan vəzifələri yerinə yetirməlidirlər:

"Azərbaycan da bu konvensiyaya qoşulub və üzərinə müəyyən öhdəlik götürüb. Bu, Xəzər dənizinin təmizlənməsində əhəmiyyətli təsirə malik olan bir konvensiyadır. Ölkələr tam olmasa da, müəyyən çərçivələr daxilində, müəyyən tədbirlər görməklə çirklənmənin qarşısını müəyyən qədər alıblar. Yəni bu artıq faktdır, bunu gözlə görmək mümkündür".

Həmsöhbətimiz düşünür ki, bundan sonra da bu ölkələrin bir-biri ilə əməkdaşlığı Xəzər dənizinin təmizlənməsinə şərait yaradacaq:

"Ancaq nəzərə alaq ki, Rusiya və İran hazırda müharibə vəziyyətindədirlər. Bu ərazilərdə çirklənmənin davam etməsi labüddür. Ancaq digər ölkələr – Türkmənistan, Qazaxıstan, Azərbaycan – öz öhdəliklərinə riayət etməklə çirklənməni müəyyən qədər azaldıblar və bu istiqamətdə tədbirlər davam edir. Çünki Xəzər dənizində 100 ilin çirklənməsi var. Onun bioloji resursları kifayət qədər azalıb. Nərə balığı kimi nadir balıq ehtiyatları demək olar ki, tükənib. Son məlumatlara görə, nərə balıqlarının 85-90%-i artıq itirilib. Qalan növləri isə ancaq müəyyən süni yollarla saxlamaqla, bəsləməklə mümkün olmuşdur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən