Qızıl-zinət əşyaları hansı hallarda mağazaya geri qaytarıla bilər? - AÇIQLAMA
Tez-tez sosial şəbəkələrdə belə hallara rast gəlirik ki, müştəri qızıl-zinət əşyası alır, lakin bir gün sonra fikrini dəyişərək onu mağazaya geri qaytarmaq və pulunu tələb etmək istəyir. Satıcı isə məhsulu geri götürməkdən imtina edir və tərəflər arasında narazılıq yaranır.
Bəs, qızıl-zinət əşyaları hansı hallarda geri qaytarıla bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirdi ki, ümumiyyətlə, hər hansı bir məhsulun dəyişdirilməsi və ya qaytarılması Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu, həmçinin Nazirlər Kabinetinin 21.05.1998-ci il tarixli 114 nömrəli qərarı ilə tənzimlənir:

“Müəyyən kateqoriyalı məhsullar vardır ki, istifadə edilmədən, paketi açılmadan və kassa qəbzi ilə birlikdə mağazaya qaytarılaraq ödənişi geri alına bilər. Lakin qızıl və bu kateqoriyaya aid məhsullar, yəni qiymətli metallar, NK-nin 114 nömrəli qərarına əsasən, istehlakçının fikrini dəyişməsi səbəbindən qaytarıla və ya dəyişdirilə bilməz. Lakin məhsul zədəlidirsə və ya etiketin üzərindəki qram ölçüsü həqiqətə uyğun deyilsə və s. bu kimi hallarda məhsulun qaytarılması mümkündür. Bu hallar da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun ilə tənzimlənir. Bəzən olur ki, toy ərəfəsində dəstlər kirayə götürülür və sabahı gün mağazaya qaytarılır. Bu, tamam başqa məsələdir, yəni satıcının buna razılığı var. Həmin dəst yenidən kimyəvi məhsullarla təmizlənir və kirayəyə verilir. Əgər istehlakçı fikrini dəyişərək aldığı məhsulu, məhsulda qüsur olmamasına baxmayaraq, geri qaytarmaq istəyirsə, həmin məhsul ikinci əl qiymətindən hesablanaraq geri götürülə bilər. Məsələn, məhsulun qramı etiketdə göstəriləndən fərqlidirsə və ya 22K-750 əvəzinə 14K-585 satılıbsa, istehlakçı aldadılıbsa, satıcı firma qanun qarşısında məsuliyyət daşıyır. Həmçinin istehlakçı məhsulu geri qaytara bilər”.
NURİYYƏ













