“1, 2 il gözləmək problem deyil” - Psixoloqdan qəbul ola bilməyənlərə ÇAĞIRIŞ

 12:00 26.08.2026     563

Qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələrə əsasən, 26 mindən çox abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Təbii ki, bu nəticə bəzi gənclərin psixoloji durumuna ciddi təsir göstərə, xüsusilə emosional və psixoloji cəhətdən həssas olan abituriyentlərdə məyusluq, ümidsizlik və depressiv hallar yarada bilər.

Bəs belə bir vəziyyətdə valideynlər necə davranmalıdır? Övladlarının özünü uğursuz hiss etməsinin və ağır psixoloji durum yaşamasının qarşısını almaq üçün hansı addımları atmalıdırlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, gərək imtahana hazırlaşarkən nəticənin yaxşı və yaxud da pis olması düşüncəsi ilə yanaşmasınlar:

"Ümumiyyətlə, nəticələr yaxşı və yaxud da pis ola bilər. Əsas məsələ istədikləri fakültəni və peşəni vaxtında seçə bilmələridir. Amma əlbəttə ki, burada valideynlərin də çox böyük rolu var. Onlar mütləq övladlarının həmin il universitetə daxil olmasını istəyirlər. Ona görə də bəzən təzyiq göstərirlər və belə olduğu halda uşaqlar qeyri-ixtiyari olaraq universitetə daxil olmağı arzulayırlar. Əlbəttə ki, kəsilən uşaqların psixoloji cəhətdən zəifləməsi və narahat olması normaldır. Həm müəllimlərinin, həm də valideynlərinin istəklərini həyata keçirə bilməmələri onları narahat edir. Bəzi oğlanlarda daha çox problem yaranır. Çünki onlar daha erkən yaşda təhsili dayandıraraq hərbi xidmətə başlamağa məcbur olurlar. Bu da onlara müəyyən sıxıntılar yarada bilər. Düşünürəm ki, əgər ailə təzyiqi az olsa, uşaqlar öz seçimləri ilə razılaşa bilsələr və istədikləri fakültəni seçmiş olsalar, hətta 1, 2, 3 il gözləmək belə problem olmamalıdır. Bu vəziyyəti geridə qoymaq üçün isə, əlbəttə ki, bir qədər istirahət edib yenidən öz məqsədləri uğrunda mübarizə aparmalıdırlar. Əsasən də bu vəziyyətdə ailələri və müəllimləri abituriyentlərə dəstək olmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən