“Atəşgah” Sığortadan KASKO ödənişi ilə bağlı şikayətə CAVAB
Avtomobilinin KASKO sığortası ilə təmin olunduğunu bildirən vətəndaş qəza nəticəsində dəymiş zərərə görə sığorta ödənişindən imtina edilməsi ilə bağlı “Atəşgah” Sığorta Şirkətindən şikayət edib. Şikayətçi iddia edib ki, üçillik KASKO sığortası ilə təmin olunan təlim avtomobili qəza nəticəsində zədələndikdən sonra şirkət tərəfindən ödənişdən imtina olunub. Onun sözlərinə görə, avtomobilin təlim məqsədilə istifadə edilməsi sığorta müqaviləsi bağlanarkən şirkətə məlum olub.
Şikayətçi bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycan Mərkəzi Bankına və məhkəməyə müraciət etmək niyyətindədir. O, həmçinin sığorta ödənişindən imtina ilə bağlı şirkət tərəfindən müxtəlif əsasların irəli sürüldüyünü və bununla bağlı suallar yarandığını qeyd edib.
Məsələ ilə bağlı “Atəşgah” Sığorta Şirkətindən Redaktor.az-a açıqlama verilib.
Şirkətdən bildirilib ki, sözügedən avtomobil KASKO sığortası ilə təmin olunub və hadisə ilə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı sığortalı tərəfindən hadisə ilə bağlı ilkin olaraq avtomobilin qarajda olduğu zaman naməlum şəraitdə zədələndiyi barədə məlumat təqdim edilib. Lakin hadisə üzrə aparılmış araşdırma, qəza komissarının baxışı və ekspert rəyinə əsasən, avtomobildəki zədələrin bildirildiyi şəraitdə, yəni qarajda baş verməsi ilə bağlı uyğunsuzluqlar müəyyən edilib. Sonrakı mərhələdə sığortalı tərəfindən də hadisənin ilkin təqdim edilən məlumatdan fərqli şəraitdə baş verdiyi təsdiqlənib. Bu səbəbdən sığorta ödənişindən imtina avtomobilin təlim məqsədilə istifadə olunması ilə əlaqədar deyil. Ödənişlə bağlı qərarın əsasını hadisənin başvermə şəraiti barədə sığortaçıya təqdim edilmiş məlumatlarla aparılmış araşdırmanın nəticələri arasında müəyyən edilmiş uyğunsuzluq təşkil edir.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti sığorta hadisələri üzrə qərarları təqdim olunan sənədlər, aparılmış araşdırmalar, ekspertiza nəticələri və sığorta müqaviləsinin şərtləri əsasında qəbul edir. Şirkət müştərilərinin hüquq və maraqlarına hörmətlə yanaşır və hər bir müraciətin obyektiv, sənədlərə və faktlara əsaslanan şəkildə araşdırılmasını əsas prinsip kimi qəbul edir".
Xədicə BAXIŞLI













