Onlayn satışda dələduzluq: Satıcı hansı məsuliyyətə cəlb oluna bilər? - Vəkildən AÇIQLAMA
Bəzi hallarda sosial platformalar üzərindən həyata keçirilən onlayn satışlarda saxtakarlıq halları ilə qarşılaşılır. Elə hallar olur ki, müştəri səhifə vasitəsilə istədiyi məhsulu almaq üçün əvvəlcədən ödəniş edir, lakin daha sonra satıcı ilə əlaqə saxlamaq mümkün olmur.
Belə hallarda həmin şəxslər barəsində hüquqi məsuliyyət müəyyən edilə bilərmi?
Vəkil, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirdi ki, sosial media platformaları üzərindən həyata keçirilən onlayn satışlarda sifarişin qəbul edilməsindən sonra satıcının əlaqəni kəsməsi və vəsaitin mənimsənilməsi halları istehlakçı hüquqlarının pozulmasıdır:
"Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən, internet şəbəkəsində, o cümlədən sosial şəbəkə səhifələrində həyata keçirilən pərakəndə ticarət fəaliyyəti uzaq məsafədən bağlanan müqavilə institutunun tənzimləmə predmetinə daxildir. Satıcı tərəfindən istehlakçıya malın əsas xüsusiyyətləri, qiyməti və təqdimedilmə şərtləri barədə dürüst məlumatın verilməməsi, ödənişin alınmasına baxmayaraq malın təhvil verilməməsi və səhifənin birtərəfli qaydada əlaqəni sonlandırması mülki-hüquqi müqavilə öhdəliklərinin kobud şəkildə pozulması deməkdir. Bu zaman istehlakçı ödənilmiş məbləğin tam geri qaytarılmasını, dəymiş zərərin ödənilməsini və qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyalarının tətbiq olunmasını tələb etmək hüququna malikdir".
Müsahibimiz vurğuladı ki, məsələ yalnız mülki müstəvi ilə məhdudlaşmır, çünki əvvəlcədən heç bir real mal almaq niyyəti olmadan və ya aldatma məqsədilə vətəndaşların vəsaitlərinin toplanılması və sonradan əlaqə vasitələrinin bloklanması əməli ilkin hüquqi qiymətləndirmədə dələduzluq (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi) tərkibinin əlamətlərini ehtiva edə bilər:

"Qeyri-qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, gəlirlərin vergidən yayındırılması və istehlakçıların kütləvi şəkildə aldadılması halları nəzərə alınmaqla, zərərçəkmiş şəxslərin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, vergi orqanlarına və bilavasitə hüquq-mühafizə orqanlarına müraciət etməsi zəruridir. Hüquqi mexanizmlərin effektiv işləməsi üçün həmin subyektlərin faktiki identifikasiyası, bank köçürmələrinin təyinatı və elektron izlərin qeydiyyatı təmin edilməli, hüquq pozucusunun həm mülki məsuliyyətə (dəymiş zərər və kompensasiyalar üzrə), həm də qanununvericiliyin sərt tələblərinə uyğun olaraq digər məsuliyyət növlərinə cəlb olunmasına nail olunmalıdır.
Sosial şəbəkələrdə bu cür hallarla qarşılaşmamaq və maliyyə itkilərinin qarşısını almaq üçün istehlakçılar ilk növbədə hüquqi şəxsin rekvizitləri və ya vergi uçotu olmayan, qeyri-rəsmi fəaliyyət göstərən səhifələrdən ödəniş əvvəlcədən edilməklə alış-veriş etməkdən çəkinməlidirlər; hər hansı əməliyyat həyata keçirilərkən satıcının rekvizitləri, hüquqi adı və fiziki ünvanı dəqiqləşdirilməli, nağdsız ödənişlər zamanı vəsaitin şəxsi kart hesablarına deyil, yalnız rəsmi korporativ hesablaşma hesablarına köçürülməsinə üstünlük verilməlidir, çünki qanuni ticarət subyektləri hər zaman qəbz, elektron qaimə və ya fiskal çek təqdim etməyə borcludurlar".
Aytəkin TOFİQQIZI













