Başqalarını razı salmaq istəyi haradan yaranır? - Psixoloq izah ETDİ

 14:56 28.08.2026     539

İnsanların başqaları tərəfindən bəyənilmək və qəbul olunmaq istəyi təbii ehtiyac olsa da, bu istəyin həddindən artıq olması insanın öz qərarlarına və davranışlarına təsir göstərə bilir və bəzi insanlar daim ətrafındakıların fikrini düşünür, tənqid olunmaqdan çəkinir və öz istəklərini ikinci plana keçirərək başqalarını razı salmağa çalışırlar. Bu vəziyyət zamanla özünəinamın azalmasına, narahatlığa və emosional yorğunluğa səbəb ola bilər.

Maraqlıdır, insan niyə daim başqalarının təsdiqinə və bəyənməsinə ehtiyac duyur?

Klinik psixoloq Gülşən Rüstəmova Redaktor.az-a açıqlamasında bildirdi ki, biz insan olaraq cəmiyyətin bir parçasıyıq, cəmiyyətin bir üzvüyük və bizim individual xüsusiyyətlərimiz, fərdi xüsusiyyətlərimiz daima ətrafımızla, yaşadığımız koordinatlarla, düşdüyümüz mühit və ailə ilə uzlaşır.

"Fərdi xüsusiyyətlərimizin tamamilə gözə görünməz olması, tamamilə individuallığımızın pozulmasından çox güman ki, siz danışırsınız. Məsələ burasındadır ki, uzun illər basqı altında qalmış bir ictimaiyyət olaraq biz həmin basqının təsirindən dolayı övladlarımızı illərlə elə böyüdürdük. Yəni özümüz hansı basqıda, hansı təsirdə idiksə, övladımızı da o tərzdə böyüdüb sanki immunitet yaradırdıq, sanki sığortalayırdıq. Təbii ki, həmin basqıların səbəbi və məqsədi uşaqlarımızı kor etmək, hərəkətsiz etmək və ya tamamilə fərdiliyini dəf etmək deyildi. Əksinə, səbəb və məqsəd gələcək nəsilləri qorumaq idi. Amma bu, gördüyünüz kimi, böyük travmalara, böyük komplekslərə yol açdı və son illərdə baş verən bu aydınlanmalar, bu hesablaşmalar, elmi əsaslara söykənən və bizə bəlli olan mənbələrdən anladıq ki, insan fərd və individiumdur və onun fərdi keyfiyyətləri ictimai mühitlə həm uzlaşmalıdır, həm də uzlaşmamalıdır".

Mütəxəssisin sözlərinə görə, insanlar elə düşünür ki, sanki bizi təsdiq edəcəklərsə, bizə hücum etməyəcəklər:

"Çünki bir insan olaraq həm də biz intuitiv, instinktiv düşüncələrə malikik ki, bunu heç nəzərdən keçirmirik, oturub düşünmürük. Bu, doğuşdan bizdə var. Biz yaşamaq uğrunda mübarizə aparan canlıların törəmələri olduğumuz üçün çox zaman fərqlənməməyi seçirik. Çünki fərqli olarıqsa, bizə hücumlar olar, fərqli olarıqsa, bizi sıxışdırarlar və s. Ona görə də indi qızıl ortanı tapmaq və harada uyğunlaşmalıyıq, harada fərdi xüsusiyyətlərimiz olmalıdır hissəsi bizə mane olur, zülm verir, əzab verir, bizi çətinlik qarşısında saxlayır. Buna görə mütəxəssislərə müraciət edirik ki, yaşadığımız ömürdə gəldiyimiz yolda, qət etdiyimiz yolda hansı yanlışlıqlar, hansı söykəndiyimiz və ayağımızı qoyduğumuz daşlar olub ki, o daşlar bizə aid deyil. Mütəxəssislərin yardımı ilə biz fərdi xüsusiyyətlərimizi təyin edib, üsyan edib dünyaya “mən fərdəm” demirik. Əksinə, biz fərdi xüsusiyyətlərimizi kəşf edən zaman ətrafdakıların da fərdi xüsusiyyətlərini nəzərə alacağıq. Yəni bu, həm cəmiyyətin xeyrinə olacaq, həm özümüzün xeyrinə olacaq, həm də gələcəkdə bizdən törənən nəsillərin xeyrinə olacaq. Birmənalı olaraq, fərdi xüsusiyyətlərimizi təyin edib buradan yola çıxmalıyıq ki, harada uzlaşa bilərik, harada üsyan edə bilərik, harada uyğunlaşa bilərik, harada özümüzün sərhədini çəkməli olarıq. Ona görə də insanlar tərəfindən bəyənilmək pis bir məsələ deyil, amma bir yerə qədər. Yəni bunun da qızıl ortası var. Həmin qızıl ortanı tapmaq bizi uğurlu və uduşlu edəcək", - deyə psixoloq yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən