“Bu vəziyyət yaranmamalı idi” – Bakıda nəqliyyat sıxlığı ilə bağlı mütəxəssisdən AÇIQLAMA
Bakıda son günlər nəqliyyatın hərəkətində sıxlıq daha çox hiss olunur. Xüsusilə bəzi avtobus marşrutlarında intervalın uzun olması sərnişinlərin narazılığına səbəb olur. Bəzi hallarda isə sərnişinlər eyni marşrut üzrə avtobusun gəlməsini uzun müddət gözləməli olurlar.
Bəs şəhərdə nəqliyyat sıxlığının qarşısını almaq üçün hansı alternativ addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Kürsüm Babazadə bildirdi ki, ümumiyyətlə, bu sıxlığın yaranmasına səbəb olmamaq lazım idi:
"O mənada ki, metronun içərisində görüləcək işlər və bir çox yolların təmirə bağlanması məktəblərin başlanmasına yaxın aylara təsadüf etməməli idi. Məktəblər başlamazdan daha əvvəl bu işlərin görülməsinə başlanmalı idi ki, bu cür sıxlıqlar yaranmasın. Hazırda yeganə çarə xətlərdəki avtobusların sayının artırılmasıdır. Başqa hər hansı alternativ yol görünmür. Əsasən də mövcud vəziyyətlə bağlı xəttə buraxılan ekspres avtobusların sayı artırılmalıdır".
NURİYYƏ













