Hər özünü bəyənən insan narsistdir? - Psixoloqdan CAVAB

 15:31 31.08.2026     1103

Hər addımbaşı cəmiyyətdə və sosial şəbəkələrdə "narsist" sözünə rast gəlirik. İnsanlar özünü üstün tutan, lovğalıq edən və daim diqqət gözləyən hər kəsi asanlıqla narsist adlandırırlar.

Bəs özünə güvənən hər şəxsi narsist adlandırmaq düzgündürmü? Əsl narsisti necə tanımaq olar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, sosial şəbəkələrdə bir az özünü bəyənən kimi adama “narsist” deyirlər:

"Sanki diaqnoz qoymaq üçün psixiatriya təhsili yox, sadəcə internet lazımdır. İnsanların filmlərdə və sosial platformalarda “narsist” deyib danışdıqları diaqnoz deyil. Narsist şəxsiyyət tipi hər kəsdə müəyyən xüsusiyyətlərlə özünü göstərə bilər. Amma narsist şəxsiyyət pozuntusu tamam başqa məsələdir. Bu, psixi statusdur və xarakterin patologiyası hesab olunur".

Müsahibimiz əlavə etdi ki, özünə güvənən, uğurunu göstərən, diqqət istəyən və ya özünü başqalarından üstün görən hər insana narsist demək düzgün deyil:

"Bir insanın bir dəfə lovğalanması ilə ona diaqnoz qoyulmur. Yoxsa sosial şəbəkələrdə hər ikinci adam psixiatrın növbəsinə dayanmalı olardı. Narsist şəxsiyyət pozuntusu davamlı və sistemli xarakter daşıyır. Bu zaman insanın münasibətləri, empatiya qabiliyyəti və başqalarına yanaşması ciddi şəkildə pozulur. Belə vəziyyət peşəkar psixiatrik qiymətləndirmə tələb edir. Təsdiqlənmiş hallarda psixoterapiya və medikamentoz müalicə aparılır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən