“Çox rəzil bir durumdur” - “Sağlam Ailə” klinikasından ŞİKAYƏT
“Sağlam Ailə” klinikasında 31 avqust 2026-cı il tarixində saat 09:00-dan 11:30-dək tam 2 saat 30 dəqiqə ərzində heç bir əsaslı səbəb olmadan növbədə gözlədilmişəm”.
Redaktor.az xəbər verir ki, bu fikirləri vətəndaş feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə 31 avqust 2026-cı il tarixində saat 09:00-dan 11:30-dək davam edib. Vətəndaş klinikada qeydiyyat və kassa arasında yaranan uyğunsuzluqlar səbəbindən uzun müddət gözləməli olduğunu bildirib:
“Əvvəlcə qeydiyyat üçün 4-cü mərtəbəyə yönləndirildim. Orada Visa kartı üzrə "check-up"a aid 50 faiz endirimdən istifadə edəcəyimizi açıq şəkildə bildirdik. Qeydiyyat işçisi telefonu alıb endirimə baxdı, lakin bunu sənədə qeyd etmədi. Bundan xəbərsiz olaraq təxminən 1 saat gözlədik. Kassaya düşdükdə kassir sənədin səhv tərtib olunduğunu bildirdi və bizi yenidən girişdəki qeydiyyata göndərdi. Qapıdakı qeydiyyatda isə vəziyyət daha pis oldu. Xanım işi bilmirdi. Qeydiyyatla kassa arasında 4 dəfə get-gəl etmək məcburiyyətində qaldım. Hər dəfə yeni bir səhv üzə çıxdı. Bir dəfə ümumi qan analizi sənədə salınmamışdı, digər dəfə D vitamini testi yazılmamışdı”.
Şikayətçi bildirib ki, yaranmış problem yalnız 2 saat 30 dəqiqədən sonra həll olunub:
“Analizlərə görə ac-susuz gəlmişdim. Üstəlik, iş yerimdən cəmi yarım saatlıq icazə götürmüşdüm. İşçilərin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından həm iş vaxtımı itirdim, həm də ciddi stress və əsəb gərginliyi yaşadım. Bu, təsadüfi bir nöqsan deyil, qeydiyyat və kassa arasında işin təşkilində sistemli problemin göstəricisidir”.
Vətəndaş şikayət etdikdən sonra yaranmış vəziyyətlə bağlı menecerin yanına göndərilməsini istədiyini, lakin onun sözlərinə görə, menecer əvəzinə başqa əməkdaşın göndərildiyini bildirib:
“Şikayət etdikdə menecer adı ilə bir uşaq göndərdilər. Axırda məlum oldu ki, menecer deyil, hansısa şöbədə mütəxəssisdir. Çox rəzil bir durumdur”.
Qeyd edək ki, məsələ ilə bağlı “Sağlam Ailə” klinikasının mövqeyini dərc etməyə hazırıq.
NURİYYƏ













