Bakıda ət niyə bahalaşır? - AÇIQLAMA
Son günlərdə Bakıda mal ətinin qiymətində artım müşahidə olunur. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb.
Bəs bu artıma səbəb nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, ət bazarında qiymət artımı davam edir:
"Bunun əsas səbəbləri arasında saxlanılan heyvanların sayının azalması ilə yanaşı, qiymət artımına baxmayaraq tələbatın yüksəlməsi də var. Son 10 ilin statistikasına baxdıqda görürük ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20 faiz azalma var. İribuynuzlu heyvanların sayında da azalma müşahidə olunur və bu göstərici 5-6 faiz təşkil edir. Bu, əhalinin ət tələbatının 25 faizə qədər yüksəldiyi bir dövrdə baş verir. Kəsilən ətin statistikasına baxdıqda görürük ki, son 10 ildə bu göstəricidə 25 faizlik artım var. Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olmamağın da öz səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlamağın bahalı bir prosesə çevrilməsi ev təsərrüfatlarının bu sahədəki rolunu azaldıb. İntensiv təsərrüfatlarda isə heyvan saxlama xərcləri daha yüksəkdir. Bu da ətin bahalaşmasının davam etməsinə gətirib çıxarır".

Ekspert həmçinin vurğuladı ki, idxal edilən ətin qiymətinin bahalaşması da ucuz idxalın genişlənməsinə imkan vermir:
"Bu vəziyyət ət bazarında yeni qiymət tarazlığının formalaşmasına səbəb olur. Əvvəllər ət bazarında Ukraynadan gələn ucuz ətlər mühüm rol oynayırdı. Ukrayna-Rusiya müharibəsi də son illər ət bazarında qiymət artımının əsas faktorlarından birinə çevrilib. Həm Rusiyada, həm də Ukraynada ətin qiymətləri bahalaşıb, eyni zamanda logistika xərcləri də əvvəlki səviyyədə deyil. Bütün bu faktorlar, ucuz idxalın olmaması, idxal qiymətlərinin bahalaşması, yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərini artırır. Bu amillər qiymət artımının yaxın gələcəkdə də davam edəcəyinə dair proqnozların formalaşmasına səbəb olur. Ətin bahalaşmasının müsbət aspekti isə ondan ibarətdir ki, bu sahə sahibkarlar üçün tədricən cəlbedici istiqamətə çevrilir. Qiymətlərin artması və fəaliyyətin rentabelli olması sahibkarların getdikcə bu sahəyə daha çox maraq göstərməsinə səbəb olacaq. Xəstəliklərin təsirinə gəldikdə isə, onların bazara çıxarılan ət təklifinə ciddi mənfi təsiri var və bu, qiymətlərin daha da bahalaşmasına səbəb olur. Ölkədə yayılan dabaq xəstəliyinin hansı miqyasda olması və ət bazarına çıxarılan təklifin həcminə necə təsir göstərəcəyi qiymətlərin sonrakı gedişatına da təsir edəcək. Əsas məsələ ondan ibarətdir ki, bu təsir qiymət artırıcı xarakter daşıyır. Xəstəliklərin yayılması qiymət artırıcı faktor rolunu oynayır. Çünki xəstə heyvanlardan əldə edilən ətin bazara çıxarılması mümkün deyil və bu da təklifin azalmasına gətirib çıxarır".
NURİYYƏ













