Metrodan məcburi çıxarılan sərnişin niyə ekspres avtobusa ikinci dəfə pul ödəməlidir? - SƏRT REAKSİYA

 15:19 04.09.2026     817

Məlumat verdiyimiz kimi, Milli Məclisin  deputatı Vüqar Bayramov təklif edib ki, tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir.

Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi həm sosial, həm də nəqliyyat siyasəti baxımından əsaslandırılmış addım olardı:

"Xüsusilə hazırkı vəziyyətdə bu məsələ daha aktualdır. Metronun “28 May” – “Nizami” stansiyaları arasında qatarların hərəkətinin avqustun 15-dən müvəqqəti dayandırılması və tikinti işlərinin təxminən 10–11 ay davam etməsinin nəzərdə tutulması kifayət qədər uzun müddətdir. Bu dövrdə sərnişin axınının idarə olunması üçün AYNA tərəfindən 6 ekspres marşrut yaradılıb və 20 müntəzəm avtobus marşrutunda nəqliyyat vasitələrinin sayının artırılması nəzərdə tutulub. Məsələ yalnız alternativ nəqliyyatın olub-olmaması deyil, həmin alternativdən istifadənin vətəndaşa, xüsusilə tələbəyə yaratdığı əlavə maliyyə yüküdür. Əvvəllər tələbə bir metro gedişi ilə universitetinə və ya ona yaxın əraziyə çata bilirdisə, indi bəzi istiqamətlərdə metrodan çıxıb avtobusa minmək, daha sonra yenidən başqa nəqliyyat vasitəsindən istifadə etmək məcburiyyətində qala bilər. Yəni bir səfərin parçalanması gündəlik gediş-gəliş xərcini artırır və bunu ay ərzində hesabladıqda tələbə büdcəsi üçün kifayət qədər ciddi məbləğ yarana bilər. Deputat Vüqar Bayramovun tələbələr üçün nəqliyyat güzəştlərinin tətbiq edilməsi ilə bağlı təklifi də məhz bu baxımdan diqqətəlayiqdir. O, belə güzəştlərin dünya praktikasında mövcud olduğunu və Azərbaycanda da tətbiqinin məqsədəuyğunluğunu vurğulayıb".

Həmsöhbətimizin fikirincə, burada yalnız “28 May” – “Nizami” arasındakı təmir dövrü üçün müvəqqəti həll deyil, daha geniş və uzunmüddətli sistem haqqında düşünmək lazımdır:

"Tələbələr cəmiyyətin sabit gəliri ən məhdud sosial qruplarından biridir. Onların böyük hissəsi hər gün universitetə, kollecə və digər təhsil müəssisələrinə ictimai nəqliyyatla gedib-gəlir və ay ərzində onlarla, bəzən yüzə yaxın gediş həyata keçirir. Buna görə tələbə bileti və ya fərdiləşdirilmiş nəqliyyat kartı əsasında güzəştli tarif tətbiq etmək mümkündür. Məsələn, tələbəyə adi tarifdən müəyyən faiz aşağı qiymət müəyyən edilə, aylıq güzəştli nəqliyyat paketi yaradıla və yaxud müəyyən sayda gediş daha münasib qiymətlə təqdim oluna bilər. Digər bir model isə metro və avtobus arasında inteqrasiya olunmuş tarif sisteminin yaradılmasıdır. Məncə, hazırkı vəziyyət üçün ən ədalətli həll məhz bu ola bilər: sərnişin metro xəttində aparılan təmir səbəbindən məcburi şəkildə metrodan çıxaraq dövlətin təşkil etdiyi alternativ ekspres avtobusa minirsə, həmin keçidə görə ikinci dəfə tam gedişhaqqı ödəməməlidir. Çünki sərnişin öz istəyi ilə marşrutunu dəyişmir, infrastruktur layihəsi səbəbindən alternativ nəqliyyatdan istifadə etməyə məcbur olur. Bu prinsip təkcə tələbələrə deyil, bütün sərnişinlərə münasibətdə müzakirə oluna bilər, tələbələrə isə əlavə sosial güzəşt tətbiq edilə bilər. Hazırda alternativ ekspres marşrutların yaradılması müsbət addımdır, lakin nəqliyyat siyasətində məqsəd yalnız insanı A nöqtəsindən B nöqtəsinə çatdırmaq deyil, bu səfərin əlçatan qiymətə, rahat və mümkün qədər az əlavə xərc yaratmaqla həyata keçirilməsini təmin etmək olmalıdır. Üstəlik, tələbələrə verilən nəqliyyat güzəşti yalnız sosial yardım kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda ictimai nəqliyyatdan istifadənin təşviqidir".

Ekspert vurğuladı ki, gənc insan tələbəlik dövründən ictimai nəqliyyatdan rahat, sərfəli və sistemli şəkildə istifadə edirsə, gələcəkdə də şəxsi avtomobildən asılılığı daha az ola bilər:

"Bu isə uzunmüddətli perspektivdə Bakıda avtomobil sıxlığının, parklanma tələbatının və yol yükünün azaldılmasına xidmət edə bilər. Güzəşt sisteminin sui-istifadəyə açıq olmaması üçün də texniki imkanlar mövcuddur: tələbənin statusu elektron informasiya sistemindən təsdiqlənərək fərdiləşdirilmiş BakıKart və ya digər rəqəmsal ödəniş vasitəsinə bağlana, tələbə statusu bitdikdə güzəşt avtomatik dayandırıla bilər. Beləliklə, kağız arayışlar və əlavə bürokratiya yaratmadan şəffaf sistem qurmaq mümkündür. Hesab edirəm ki, “28 May” – “Nizami” məhdudiyyəti bu məsələnin yenidən gündəmə gəlməsi üçün bir fürsətdir. Təmir başa çatdıqdan sonra tələbə güzəştlərini ləğv etməkdənsə, bu dövrdə pilot layihəyə başlamaq, real sərnişin sayı və maliyyə yükünü hesablamaq, nəticələr müsbət olduğu halda sistemi daimi tətbiq etmək daha məqsədəuyğun olar. Dövlət tələbənin bütün nəqliyyat xərcini üzərinə götürməyə də bilər; hətta 25–50 faiz arası güzəşt, aylıq limitli paket və ya metro-avtobus keçidlərində ikinci gedişin pulsuz və yaxud ciddi şəkildə endirimli olması belə minlərlə tələbənin aylıq büdcəsində hiss olunan fərq yarada bilər. Nəticə etibarilə, tələbələr üçün nəqliyyat güzəştlərinin tətbiqini mümkün və məqsədəuyğun hesab edirəm. Xüsusilə 10–11 ay davam etməsi gözlənilən belə böyük nəqliyyat dəyişikliyi dövründə tələbənin təhsil müəssisəsinə çatması əlavə maliyyə yükünə çevrilməməlidir. İctimai nəqliyyat sosial xidmət funksiyası daşıyır və tələbəyə verilən güzəşt təkcə tələbəyə dəstək deyil, təhsilə əlçatanlığın, ictimai nəqliyyatın cəlbediciliyinin və bütövlükdə şəhərin daha dayanıqlı nəqliyyat sisteminin dəstəklənməsi deməkdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən