Biləcəri enişinin bağlanması Bakını iflic etdi - ETİRAZ

 13:24 07.09.2026     752

Paytaxtın Biləcəri enişində yolun nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanması şəhərin əsas yollarında ciddi tıxaclara səbəb olub. Xüsusilə səhər saatlarından etibarən bu istiqamətdə hərəkət edən sürücülər uzun müddət yollarda qalmalı olublar. Yolun bağlanması alternativ marşrutlarda da nəqliyyat sıxlığını artırıb.

Bəs Biləcəri enişində yolun bağlanması niyə Bakının nəqliyyat axınına bu qədər ciddi təsir göstərib? Yaranan tıxacın aradan qaldırılması və sürücülərin üzləşdiyi çətinliklərin azaldılması üçün hansı tədbirlər görülməlidir?

Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a bildirdi ki, Biləcəri enişində yolun nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanmasının Bakının bir çox əsas yollarında ciddi sıxlıq yaratması əslində şəhərin mövcud nəqliyyat sistemində əsas magistralların bir-birindən nə qədər asılı olduğunu bir daha göstərdi:

"Burada söhbət sadəcə Biləcəridə müəyyən bir yol hissəsinin bağlanmasından getmir. Biləcəri enişi Moskva prospekti, "20 Yanvar", "Şamaxinka", Avtovağzal, Biləcəri, Binəqədi, Xırdalan və Sumqayıt istiqamətlərindən gələn və gedən böyük nəqliyyat axınlarının bir-biri ilə əlaqələndiyi strateji yol sahələrindən biridir. Bu istiqamətdə gündəlik nəqliyyat yükü onsuz da yüksəkdir və xüsusilə səhər və axşam pik saatlarında yolun buraxılış qabiliyyəti maksimum həddə yaxınlaşır. Belə bir ərazidə yolun tam və ya qismən bağlanması zamanı həmin avtomobillər yox olmur, sadəcə başqa küçə və prospektlərə yönəlir. Əsas problem də məhz bundan sonra başlayır. Alternativ yollar normal şəraitdə öz gündəlik nəqliyyat yükünə uyğun fəaliyyət göstərdiyi halda, birdən-birə minlərlə əlavə avtomobil həmin küçələrə daxil olur və onların buraxılış qabiliyyəti bu yükü qarşılaya bilmir. Nəticədə bir nöqtədə yaranan problem zəncirvari şəkildə digər yol qovşaqlarına ötürülür".

Müsahibimiz vurğuladı ki, bir yolayrıcında avtomobillərin hərəkəti dayananda növbə növbəti yolayrıcına qədər uzanır, oradakı hərəkəti də bağlayır və beləliklə, lokal problem qısa müddətdə böyük ərazini əhatə edən nəqliyyat sıxlığına çevrilir:

"Xüsusilə səhər saatlarında insanların işə, bağçaya və digər ünvanlara eyni vaxt intervalında hərəkət etməsi vəziyyəti daha da ağırlaşdırır. Buna görə belə strateji yol sahəsində təmir və ya digər səbəbdən hərəkətin məhdudlaşdırılması planlaşdırılırsa, məsələ yalnız yolun bağlanması və sürücülərə alternativ yollardan istifadə etmələrinin tövsiyə edilməsi ilə yekunlaşmamalıdır. Yol bağlanmamışdan əvvəl həmin ərazinin nəqliyyat modeli hazırlanmalı, saatda neçə avtomobilin bu istiqamətdən keçdiyi, onların hansı alternativ yollara yönələcəyi və həmin yolların əlavə nəqliyyat yükünü qəbul edib-edə bilməyəcəyi hesablanmalıdır".

Onun sözlərinə görə, alternativ marşrut müəyyən etmək sadəcə xəritədə başqa yol göstərmək demək deyil:

"Həmin yolun eni, zolaqların sayı, yolayrıclarının buraxılış qabiliyyəti, svetoforların iş rejimi, ictimai nəqliyyatın hərəkəti, parklanma vəziyyəti və pik saatlardakı mövcud yükü nəzərə alınmalıdır. Əgər alternativ küçənin özündə normal vaxtda sıxlıq yaranırsa, əsas magistralın nəqliyyatını həmin küçəyə yönəltməklə problemi həll etmək mümkün deyil, əksinə, sıxlığın əhatə dairəsi daha da genişlənir. Belə vəziyyətlərdə aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinə ciddi ehtiyac var. Təmir aparan qurum, nəqliyyatın təşkili ilə məşğul olan qurumlar və yol polisi əvvəlcədən vahid hərəkət planı hazırlamalıdır. Əsas yolayrıclarında və problemli nöqtələrdə yol polisi əməkdaşlarının və tənzimləyicilərin sayı artırılmalı, ehtiyac yarandıqda svetoforların fazaları mövcud nəqliyyat axınına uyğun operativ şəkildə dəyişdirilməlidir. Məsələn, müəyyən istiqamətdə avtomobil növbəsi kəskin şəkildə artırsa, həmin istiqamətə daha uzun yaşıl işıq müddəti verilməsi müvəqqəti olaraq buraxılış qabiliyyətini yüksəldə bilər. Eyni zamanda alternativ yollarda qanunsuz dayanma və parklanmanın qarşısı alınmalıdır. Çünki onsuz da əlavə yük qəbul edən küçədə yolun bir zolağının park edilmiş avtomobillərlə tutulması vəziyyəti daha da ağırlaşdırır. Digər mühüm məsələ sürücülərin vaxtında və düzgün məlumatlandırılmasıdır.

İnsan yolun bağlı olduğunu həmin əraziyə çatdıqdan sonra öyrənməməlidir. Əsas magistrala daxil olmamış kilometrlərlə əvvəl elektron məlumat lövhələri, yol nişanları və digər xəbərdarlıq vasitələri vasitəsilə sürücüyə məlumat verilməlidir ki, qarşıdakı istiqamətdə yol bağlıdır və konkret alternativ marşrutlardan istifadə etmək mümkündür. Naviqasiya sistemlərinə də məhdudiyyət haqqında məlumat mümkün qədər operativ ötürülməlidir. Çünki yüzlərlə avtomobil artıq bağlanmış yolun qarşısına çatdıqdan sonra onların geriyə və ya başqa istiqamətə yönəldilməsi əlavə xaos və sıxlıq yaradır. Təmir işlərinin vaxtının müəyyənləşdirilməsi də son dərəcə vacibdir. Şəhərin əsas giriş-çıxış yollarında mümkün olduğu qədər genişmiqyaslı işlər gecə saatlarında, həftəsonlarında və nəqliyyat intensivliyinin minimum olduğu vaxtlarda həyata keçirilməlidir. Əgər texnoloji baxımdan yolun tam bağlanması qaçılmazdırsa, həmin ərazidə iş adi rejimdə deyil, maksimum intensivliklə və mümkün olduğu qədər 24 saatlıq növbəli sistemlə aparılmalıdır. Məqsəd yolun bağlandığı müddəti maksimum dərəcədə azaltmaq olmalıdır".

Adil Nəbiyev Sürücülük Təlimi (@suruculuktelimadilnebiyev) • Facebook

Ekspert əlavə etdi ki, bir neçə gün ərzində görülə biləcək işin lazımsız şəkildə uzadılması hər gün minlərlə insanın vaxt itkisi, əlavə yanacaq sərfiyyatı, ictimai nəqliyyatın gecikməsi və ümumilikdə şəhərin iqtisadi fəaliyyətinə əlavə yük deməkdir:

"Tıxacın yaratdığı problem yalnız sürücünün yolda əlavə yarım saat və ya bir saat qalması ilə ölçülməməlidir. Avtobuslar da həmin sıxlıqda qalır, təcili tibbi yardım, yanğınsöndürmə və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkəti çətinləşir, yanacaq sərfiyyatı və havaya atılan zərərli tullantılar artır, insanların işə və görüşlərə gecikməsi isə əlavə sosial və iqtisadi itkilər yaradır. Biləcəri enişində yaşanan vəziyyətdən çıxarılmalı əsas nəticələrdən biri də Bakının bəzi istiqamətlərində alternativ yol şəbəkəsinin əsas magistralları tam əvəz etmək imkanının məhdud olmasıdır. Əgər bir strateji yolun müvəqqəti bağlanması çox geniş ərazidə hərəkətin iflic vəziyyətinə düşməsinə səbəb olursa, bu, uzunmüddətli nəqliyyat planlaşdırılmasında nəzərə alınmalı ciddi siqnaldır. Şəhərin yol şəbəkəsində paralel bağlantılar artırılmalı, mövcud qovşaqların buraxılış qabiliyyəti təhlil edilməli, darboğazlar aradan qaldırılmalı və nəqliyyatın bir neçə alternativ istiqamət üzrə bölüşdürülməsi üçün şərait yaradılmalıdır. Bununla yanaşı, çıxış yolunu yalnız yeni yolların tikilməsində görmək də düzgün olmazdı.

İctimai nəqliyyatın sürətli və etibarlı olması, avtobusların tıxacdan mümkün qədər az təsirlənməsi, sərnişinlərin şəxsi avtomobil əvəzinə ictimai nəqliyyata üstünlük verməsi ümumi avtomobil sayının azalmasına kömək edə bilər. Real vaxt rejimində nəqliyyat axınlarını izləyən ağıllı idarəetmə sistemlərinin imkanlarından da daha geniş istifadə olunmalıdır. Sistem hansı küçədə sıxlığın artdığını müəyyən edib svetoforların rejimini buna uyğun dəyişə, sürücüləri daha az yüklənmiş istiqamətlərə yönəldə və problem böyüməmişdən əvvəl müdaxilə etməyə imkan yarada bilər. Hesab edirəm ki, Biləcəri enişində yaranmış vəziyyətə yalnız bir neçə günlük təmir nəticəsində meydana çıxmış tıxac kimi baxmaq düzgün olmaz. Bu hadisə Bakının nəqliyyat sistemində əsas magistralların bağlanması zamanı alternativ hərəkətin necə təşkil olunmasının nə qədər vacib olduğunu göstərən grafik nümunədir. Təmir əlbəttə aparılmalıdır, yollar yenilənməlidir və bunun üçün müəyyən müddət məhdudiyyətlərin olması başadüşüləndir. Lakin vətəndaşın da vaxtı, yanacağı və rahatlığı nəzərə alınmalıdır. Əvvəlcədən düzgün planlaşdırma aparılarsa, alternativ yollar hazırlanarsa, svetoforların fəaliyyəti vəziyyətə uyğunlaşdırılarsa, yol polisi kritik nöqtələrdə operativ tənzimləmə həyata keçirərsə, sürücülər vaxtında məlumatlandırılarsa və təmir maksimum sürətlə başa çatdırılarsa, belə işlərin şəhər nəqliyyatına mənfi təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".

A.Nəbiyev vurğuladı ki, yaxşı idarə olunan şəhər nəqliyyatında bir əsas yolun müvəqqəti bağlanması müəyyən sıxlıq yarada bilər, amma bu, ətrafdakı bütün magistralların saatlarla dayanmasına və minlərlə insanın yollarda qalmasına gətirib çıxarmamalıdır və buna görə də gələcəkdə belə strateji ərazilərdə hər hansı yolun bağlanmasından əvvəl əsas prinsip "əvvəl alternativ hərəkəti hazırla, sonra yolu bağla" olmalıdır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən