Bakıda oğlan tələbələrə niyə kirayə ev vermirlər? - SƏBƏB
Bildiyimiz kimi, yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bölgələrdən ali təhsil müəssisələrinə qəbul olunan tələbələr dərslərin başlanmasına az vaxt qalması ilə əlaqədar Bakıya gəlməyə davam edirlər. Lakin tələbələrin bir qismi hələ də kirayə mənzil tapmaqda çətinlik çəkir. Keçirdiyimiz sorğunun nəticələrinə əsasən, xüsusilə oğlan tələbələrin kirayə ev tapmaqda daha çox problemlə üzləşdiyi müşahidə olunur.
Bəs maraqlıdır, ev sahibləri niyə oğlan tələbələrə kirayə mənzil vermək istəmirlər? Bu yanaşmanın əsas səbəbləri nələrdir?
Əmlak eksperti Elnur Azadov Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda kirayə mənzil bazarında yaranmış vəziyyət müəyyən mənada qıtlıqla bağlıdır:
"Bildiyiniz kimi, avqustun sonu və sentyabrın əvvəlləri tələbələrin Bakıya ən çox axın etdiyi dövrdür. Yeni tədris ilinin başlaması ilə əlaqədar xüsusilə regionlardan paytaxta gələn tələbələrin sayı artır və bu da Bakı şəhərində kirayə mənzillərə olan tələbatı xeyli yüksəldir. Nəticədə isə şəhər daxilində kirayə mənzil qıtlığı yaranır. Belə bir şəraitdə mənzillərini kirayə verən şəxslər də, təbii olaraq, daha seçici davranırlar. Həm qiymətləri yüksəldirlər, həm də kirayəçilərin kim olmasına xüsusi diqqət yetirirlər. Söhbət tələbələrdən getdikdə isə bəzi ev sahiblərinin daha çox xanımlara və qızlara üstünlük verdiyi müşahidə olunur".
Müsahibimiz qeyd etdi ki, bunun əsas səbəbi qızların daha səliqəli olmalarıdır:
"Ev sahibləri düşünürlər ki, qızlar mənzilin səliqəli saxlanmasına, evin yığışdırılıb təmizlənməsinə daha çox diqqət yetirirlər. Eyni zamanda evdə olan əşyalara, mebellərə və müxtəlif məişət avadanlıqlarına daha ehtiyatla yanaşırlar. Təbii ki, bu fikirləri bütün oğlanlara və ya bütün qızlara şamil etmək düzgün olmaz, lakin kirayə bazarında formalaşmış belə bir yanaşma mövcuddur. Məhz buna görə də bəzi ev sahibləri oğlan tələbələrə mənzil verməyə o qədər də üstünlük vermirlər. Hətta bəzi hallarda ümumiyyətlə oğlanlara ev verməkdən imtina edənlər də olur. Razılıq verən ev sahibləri isə bəzən oğlanlara mənzili qızlardan fərqli qiymətə təklif edirlər. Yəni eyni mənzil qızlara müəyyən qiymətə verilirsə, oğlanlar həmin mənzili kirayələmək istədikdə onlardan daha yüksək məbləğ tələb oluna bilir".

Ekspertin sözlərinə görə, müəyyən mənada bazardakı vəziyyətdən sui-istifadə halları da müşahidə edilir:
"Ev sahibləri bilirlər ki, oğlan tələbələr üçün kirayə mənzil tapmaq daha çətin ola bilər və hər kəs onlara ev verməyə razı olmur. Bu səbəbdən də bəzi hallarda həmin çətinlikdən istifadə edərək qiymətləri daha yüksək müəyyən edirlər. Bu yanaşmanın əsas səbəbləri sırasında isə bəzi hallarda oğlanların mənzilə qarşı daha ehtiyatsız davranması göstərilir. Yenə də qeyd etmək lazımdır ki, bu, bütün oğlanlara aid edilə bilməz. Lakin bəzi kirayəçilər evin səliqəsinə lazımi diqqət yetirmir, əsaslı təmizlik və yığışdırma işlərini vaxtında həyata keçirmirlər. Bəzən evdəki əşyalara və avadanlıqlara ehtiyatsız yanaşır, səs-küy yaradan hallara yol verirlər.
Digər bir məqam isə ondan ibarətdir ki, bəzən mənzil ilkin olaraq 2-3 nəfər üçün danışılır, lakin sonradan evə əlavə şəxslər də gətirilir. Bu kimi halların oğlan tələbələr arasında daha çox müşahidə olunduğu bildirilir. Ev sahiblərinin narahatlığı da məhz mənzildə yaşayan insanların sayının artması, evin daha tez köhnəlməsi və kommunal, məişət problemlərinin yaranması ilə bağlı olur".
Xədicə BAXIŞLI













